Vaxt.Az
Yedin noğul, qaynana?
Və ya «gəlin mənim süpürgəmdir»...
Qayınana-gəlin problemlərinin tarixçəsi çox qədim dövrlərə söykənir. Sevdikləri eyni kişinin gözündə əhəmiyyətli olma istəyi qayınanalar və gəlinlər arasında bitməz tükənməz çəkişmələr yaşanmasına gətirib çıxarır. Qısqanclıq və bir-birilərini çəkə bilməməzlik zaman-zaman mərhələlərə ayrılıb və iki qadının bir-birlərini üzmək üçün inanılmaz pisliklər etdikləri müşahidə edilib. Nəticədə kim qazanar bu döyüşü?! Heç birinin qazanmadığını söyləsək, yanılmarıq. Bu döyüşdə bir çox insanın canı yanar, ən başda hər iki qadının, arada əzilən yoldaşın, varsa uşaqların və bəzən də digər ailə fərdlərinin.
Bəs bu tarixi problemə heç həll tapıldımı?! Ümumiyyətlə, ailələrə baxdığımız zaman:
Evliliyin başında: Qayınana aqressiv, güclü, xoşbəxt... Gəlin isə passiv, zərər çəkmiş və bədbəxt...
Evliliyin ortalarında: Qaynana və gəlin bir-birinin ayaqlarına basmamağa çalışar. Aralarında gizli çəkişmə sürər, amma görünüşdə razılaşmış görünərlər. Əgər gəlin bu vaxt güclənmişsə qaynana artıq geri çəkilməyə başlamış olur. Əgər qaynana hələ dominant isə gəlin görünüşdə diqqətlidir, amma fürsəti tapınca da hücum etməkdən qaçmaz. Gəlin artıq qaynanadan uzaqlaşar. Mümkün olduğu qədər onu da uzaqlaşdırmağa cəhd göstərər.
Evliliyin yetkin dövründə: Artıq gəlin ağırlığını yaxşıca evdə hiss etdirər. Gəlin aqressiv və xoşbəxt (intiqam alan), qaynana əzilmiş və acı çəkən vəziyyətə gəlir.
Bəs bir-biri ilə dolanan gəlin-qaynana nümunələri yoxdurmu?
Təbii ki bir çox yaxşı dolanan, hətta ana-qız kimi olan qaynana-gəlin olub və vardır, olacaqdır da. Əgər həm qaynana, həm gəlin qarşı tərəfin haqlı ola biləcəyi tərəfləri tapa bilsə, nə hiss etdiyini anlamağa çalışsa, özünü qarşı tərəfin yerinə qoya bilsə, hörmətli ola bilsə yaşanan problemlərə müəyyən nisbətdə həll tapmaq mümkündür.
Gəlin birlikdə fərqli vəziyyətlərdəki gəlin və qayınanaların düşüncələrini incələyək:
Gəlinini problem edən bir qaynana nə düşünər?
“Bu uşağı mən doğmuşam, onu böyüdənə qədər min bir əziyyət çəkmişəm. Onun üçün canımı verərəm. Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Ona zərər verəcək şeylərə mane olmalıyam. Bu gəlin oğlumu əlimdən aldı. Oğlumu xəbərdar etməliyəm. Oğlumun yaxınında olmalıyam. Oğlum məni unutmasın. Mən bu qədər zaman oğlum üçün çalışdım, indi növbə oğlumda və gəlinimdə, onlar da məni xoşbəxt etsinlər və mənim arzularımı yerinə yetirsinlər. Hələ nəzarətin məndə olduğunu onlara göstərməliyəm. Oğlumun evi mənim evimdir. O, mənim oğlumdur !!!”
Gəlinini problem etməyən bir qaynana nə düşünər?
“Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, öz həyatını yoldaşı ilə birlikdə davam etdirməsini istəyirəm. Oğlum mənim sahib olduğum bir mal deyil, varlığından xoşbəxt olduğum bir şəxsdir. Artıq öz ayaqlarının üzərində dayana bilir, başqa sözlə yoldaşından qorunmağa ehtiyacı yoxdur. Əlbəttə ki, yoldaşı ilə həyatı paylaşarkən problemləri də olacaq. Onlar bu vəziyyətdə birlikdə hərəkət edəcəklər və öz təcrübələrini qazanaraq birlikdə yaşamağı öyrənəcəklər. Mən araya əsla girməyəcəm. Əlbəttə ki, əgər gəlinimi də mənim qızım olaraq qəbul edəcəmsə, onunla səmimi bir əlaqə yaratmağa cəhd göstərməm lazımdır. Fərqliliklərini xoş görüb oğlumun yoldaşını dəyişdirməsini istəməyəcəm. Mənim və oğlumun yoldaşı arasında bir problem olarsa, bunu gəlinimlə həll edəcəm, oğlumla deyil. Bir ehtiyacları olduğu zaman mən həmişə onlar üçün var olacam, amma bu onların həyatlarına qarışmaq və ya istiqamətləndirmək mənasını daşımayacaq. Onlara hörmət etməyə və anlamğa səy göstərəcəm.
Qaynananı problem edən gəlin nə düşünər?
“Qaynanam evliliyimizin tək problemidir. Bu qadın hər mövzuda həyatımıza qarışır. Davamlı olaraq mənə nə etmək lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Davamlı dedi-qodumu edir, orada burada məni insanlara pisləyir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi döyüşdürür. Oğlundan məni ayırmaq üçün əlindən gələni edir. Oğlu da onu susdurmur, məni müdafiə etmir. Ya anasını seçməli ya da məni! Bu qadın hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaqla məşğul olur. Onun üzünü görmək bir tərəfə qalsın, səsini belə eşitməyə dözmək çətindir. Bu qadından necə xilas ola bilərəm, Allahım?! Nifrət edirəm, nə olardı sanki yox olsaydı. Uşaqlarımın bu qadının yanına getməsini istəmirəm. Qəti olaraq mənə qarşı uşaqlarımın başını doldurur. Evimə gəlməsini istəmirəm, əşyalarımı qarışdırmasından nifrət edirəm, evimi düzəltməyə qalxmasından və məni bacarıqsız kimi göstərməsini heç sevmirəm. Hələ də mətbəxə girib oğluna ən sevdiyi yeməkləri bişirməyə qalxması və oğlunun gözündə məni qeyri-kafi göstərməyə çalışması... Bu qadından nifrət edirəm...”
Qaynananı problem etməyən gəlin nə düşünər?
“O, mənim yoldaşımın anasıdır. Təbii ki, mənim anamdan fərqlidir. Onu olduğu kimi qəbul etməliyəm. Anlayışlı, səbirli və xoş görünüşlü olmalıyam. Bizim həyatımıza qarışmağa çalışdığı zaman gözəl bir dillə yoldaşımla birlikdə düşünüb qərar verdiyimizi söyləmək lazımdır. Davranışlarını fərdi qəbul etmək yerinə, oğlunu itirməkdən qorxan bir qadının çaxnaşması olaraq düşünüb, anlamağa çalışmalıyam. Açıq və səmimi olmalıyam. Qaynanamın məni üzməsinə icazə verməyəcəm, amma mən də qaynanamı üzmək üçün çalışmayacam. Qaynanam ilə bir problemim var isə bunu mənim adıma yoldaşımın həll etməsini gözləməyəcəm. Yoldaşımı ikimizin arasına soxmayacam. Yoldaşımın anasına hörmət edirəm və mümkün olduqca razılaşmanın bir yolunu axtarıram...”
Bəli, qaynana-gəlin problemlərinin həqiqətən həlli var. Bütün məsələ anlayışlı olmağı, münasibətlərə yaxşı niyyətlə yanaşmağı və hər şeydən əhəmiyyətlisi döyüşə girməməyi bacara bilməkdir.
19.04.2013 çap et