Bu şikayətlə virtualaz.org-a yaxınlıqda yaşayan sakinlər müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, gündüz saatlarında avtomobil o qədər çox olmasa da, axşamlar maşın əlindən tərpənmək mümkün deyil:
«Siz axşam buradan keçsəniz, görərsiniz ki, bu yolu avtomobillərin əlindən keçmək mümkün deyil. Xüsusən də, axşam saatlarında teatrda tədbirlər və tamaşalar keçirilən vaxt burada vəziyyət acınacaqlı olur. Maşınların biri gəlir, biri gedir. Bundan başqa, yaxınlıqda məktəb yerləşir, uşaqlar maşınların arası ilə məktəbə gedirlər və çox əziyyət çəkirlər», - deyə şikayətçi bildirir.
Əslində, burada maşın saxlamağın qanunsuz olduğunu deyən sakinlər bildirirlər ki, yalnız piyadaların hərəkəti üçün səki qoyulsa da, heç kim qanuna riayət etmir. Görünür, sürücülərə avtomobil saxlamağa qeyri-qanuni icazə verilir.
Ərazidə çəkiliş apardığımız müddətdə avtomobillərə icazə verən aidiyyəti şəxsləri tapa bilmədik.
Qeyd edək ki, artıq şəhərin mərkəzində quraşdırılan parkomatda yarım saatın qiyməti 50 qəpik, bir saatın qiyməti isə 1 manatdır.