Mən istəyirəm ki, İqbal bəy stenoqramları qaldırsın və baxıb görsün ki, biz Milli Məclisdə bütün məsələlər barədə danışırıq və sözümüzü kəskin şəkildə deyirik. Hesab edirəm ki, çıxışlarımı mətbuata verməyim mənim özümü populist kimi göstərməyimə səbəb olar».
Bunu Modern.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bu günlərdə İqbal Ağazadənin sosial şəbəkədə «indiki parlament müxalifətinin Milli Məclisdə aktiv çıxışlar etməməsi» fikirlərinə bu cür münasibət bildirib: «Elə bir məsələ yoxdur ki, biz Milli Məclisdə toxunmayaq və ondan danışmayaq. Stenoqramlara baxmaq kifayətdir ki, Azərbaycanın elə bir ağrılı məsələsi olmasın ki, biz parlament müxalifəti ona toxunmayaq.
Bir neçə il bundan öncəki parlamentlə indiki parlamentdə heç bir fərq görmürəm. Əvvəllər deputatlara hakimiyyətin təsiri necə idisə, indi də elədir.
Çalışırıq ki, Milli Məclisdə xalqın dərdini, problemini, sözünü işıqlandıraq. Mənə sual verəndə hər zaman açıq deyirəm ki, ən kəskin çıxışlarımı belə, çox zaman televiziyalar yayımlamır».
Tahir Kərimli əlavə edib ki, deputatların əmək haqlarının qaldırılmaması əleyhinə çıxış etdiyinə görə, hətta bəzi həmkarları Milli Məclisdə onun üstünə də qalxıblar:
«Bu günlərdə deputatların əmək haqlarının artırılmasının əleyhinə çıxış etdim. Bəzi deputatlar populist çıxışlar edərək, hətta deputatları bu məsələdə üstümə də qaldırmaq istədilər. Amma bundan xalqın xəbəri yoxdur. Mən bunu çap etdirsəydim, xalqın xəbəri olardı. Bu populizm deyil. Xalq naminə deyil, haqq naminə deyirəm.
Bu o zaman populizm olardı ki, mən bu çıxışlarımı yenidən çap etdirmiş olardım və bundan da xalqın xəbəri olardı. Amma mən bunu etməmişəm. 60 yaşından sonra mənim buna ehtiyacım da yoxdur».
Tahir Kərimli deyib ki, İqbal Ağazadədən fərqli olaraq çıxışını çap etdirib mətbuatda yaymağı siyasi etika baxımından düzgün hesab etmir:
«Sözümü hər zaman demişəm və deyəcəm də. Sadəcə olaraq siyasi etikanı nəzərə alıb, çıxışımı yenidən çap etdirə bilmirəm. Tahir Kərimli parlamentdə dediyi sözləri yenidən çap etdirsə, deyəcəklər ki, özünü reklam edir, populizmlə məşğul, özünü və partiyasını məşhur edir.
Ona görə də hər zaman ümummilli məsələləri önə çəkib populizmdən, çıxışımızı çap etdirməkdən qaçmışıq».