Saxta profillərdən təhqir və böhtan atanların məsuliyyətə cəlb
edilməsi haqqında qanun qəbul edildikdən sosial şəbəkələrdə bu tipli profillərin,
yazıların sayında azalma müşahidə edilibmi?
Bu qanunun tətbiqi barədə hüquqşünas Əliməmməd Nuriyev və Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz Modern.az-a danışıb.
Əliməmməd Nuriyevin sözlərinə görə, bu qərarın Milli Məclisdə qəbul edilməsindən sonra təhqir edənlərin, böhtan atanların artıb və ya azaldığını müşahidə etməyib.
«Sosial şəbəkələrdən istifadə etsəm də, aktiv deyiləm. Təbii ki, saxta profillər çoxdur, eyni zamanda çox təəssüf ki, sosial şəbəkələrdən istifadə edərək ayrı-ayrı insanların ünvanına təhqir yağdırılır, hətta ağır cinayətlərdə ittiham etdirilir. İstər adi, istərsə də ictimai fəaliyyətdə aktiv olan şəxslərin ünvanına çox pis fikirlər yazılır. Tənqid olunması normaldır, heç kim tənqiddən kənarda qala bilməz. Amma təhqir, böhtan, yalan xarakterli informasiyalar yolverilməzdir. Təhqir edənlər ayrı-ayrı şəxslərin nəinki özlərini, hətta onların ailələrini də hədəfə alırlar».
Hüquqşünas deyib ki, təhqir və böhtan xarakterli status yazan şəxslərin əksəriyyəti saxta profillərdən istifadə edirlər.
«Bunların qarşısı ya özünü tənzimləmə vasitəsi ilə alınmadır ya da qanunvericiliklə dəyişiklik etməklə önlənməlidirlər. Bu, ifadə azadlığına sədd çəkmək deyil, hər bir ölkədə zorakılığı təbliğ və təşviq edənlər, təhqir və böhtan yağdıranların qarşısının alınması ilə bağlı müvafiq qərarlar qəbul edilib. Buna qarşı çox sərt yanaşmalar var. Hesab edirəm ki, burda bir tənzimləmədən söhbət gedir. Bu mübarizə zamanı sui-istifadə hallarına yol vermək olmaz.
Bəzi hallarda bu qanunu tətbiq edən qurumlar tərəfindən sui-istifadə halları baş verir. Hansısa profildən kimlərsə təhqir edilirsə, o profilin sahibi aşkarlanmalı və cəmiyyətə göstərilməlidir. Məsələ barədə cəmiyyətə ətraflı məlumat verilməlidir. Bu məsələlərlə bağlı məlumatı zamanında verməmək sui-istifadə hallarına gətirib çıxara bilər. Bundan sui-istifadə halları həm bu qanunu tətbiq edənlər tərəfindən, həm də ölkəmizi sevməyən insanlar, qurumlar tərəfindən ola bilər. Ona görə də bu prosesdə tam şəffaflığın təmin olunması vacib şərtdir.
Bu qanunu qəbul edərkən məsələnin sırf texnoloji tərəflərini də düşünmək lazımdır. Ölkədən kənarda profil yaradaraq bu cür hərəkətlərlə məşğul olan şəxslərlə mübarizə üçün bu sahədə inkişaf etmiş dövlətlərin təcrübələrindən faydalanmaq lazımdır. Bütün hallarda bu məsələlərin qarşısının alınması üçün imkanlar var. İstər ölkə daxilində, istərsə də ölkə xaricində qanunu vasitələrdən istifadə etməklə təhqir, böhtan xarakterli yazılar yazan insanlara mübarizə mümkündür. Əlbəttə ki, burda ən vacib məsələ ifadə azadlığı ilə bağlı balansı qoruyub saxlamaqdır. İfadə azadlığına xələl gətirəcək addım atmaq yol verilməzdir».
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, qanun Milli Məclisdə qəbul olunsa da, hələ Prezident tərəfindən təsdiq olunmayıb.
«Bu qanun tam qəbul ediləndən sonra hansısa monitorinqlər aparıla bilər. Amma düşünürəm ki, internetdə anonimliklə real dünyadakı anonimlik arasında fərq olduğuna görə, adətən anonimlər, bu işlə məşğul olanlar ya İP ünvanlarını gizlədirlər ya da xarici internet resurslarından istifadə edirlər. İnternetdə məkanla bağlı məsələlər bir qədər nisbidir. İnsan bir yerdə oturub, başqa bir yerin resursundan istifadə edib, başqa bir yerin adından fəaliyyət göstərə bilər. Mənə elə gəlir ki, bu qanunun nəticələrindən danışmaq bir az tez ola bilər».
Osman Gündüzün sözlərinə görə, sözügedən qanunun icra mexanizmləri ilə bağlı əlaqədar qurumların ətraflı açıqlama verməsi əsas şərtdir: «Qanunun icrası mexanizmləri ilə bağlı mütəxəssislər, millət vəkilləri və digər insanlar arasında birmənalı mövqe sərgilənməyib. Mən hesab edirəm ki, bu qanunun imzalanmasından sonra məlumat verilsin ki, mübarizə necə aparılacaq, texnoloji tərəfləri necə həll olunacaq? Burda elə məsələlər var ki, Azərbaycan qanunvericiliyi ilə onu tətbiq etmək ilk dəfə olacaq. Məsələn, adam oturub xarici internet resursundan istifadə edir və yaxud da özü Azərbaycan vətəndaşıdır, birbaşa xaricdən təhqir, böhtan xarakterli yazılar yazır. Belə halda qanunvericilik necə tətbiq olunacaq? Bu qanunun icra mexanizmləri barədə tez bir zamanda məlumat verilməsi yaxşı olardı».