2016-cı ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb. Rəsmi məlumatlardan göründüyü kimi, son ay ərzində ərzaq mallarının qiymətləri qeyri-ərzaq məhsulları və xidmətlərlə müqayisədə daha çox bahalaşmaya məruz qalıb. Belə ki, ərzaq məhsullarının qiymətləri oktyabr ayı ərzində 2,3 faiz, 10 ay ərzində isə 13,4 faiz bahalaşıb. DSK-nın inflyasiyaya dair məlumatları həmişə olduğu kimi indi də mövcud gerçəkliyi tam əks etdirməsə də tendensiyaları düzgün müəyyənləşdirməyə imkan verir. Odur ki, qərarlaşmış tendensiyalar, qiymətlər üzərində statistik müşahidələr və alternativ hesablamalar göstərir ki, yaxın dövrdə daha çox bahalaşma ərzaq malları və xidmətlər səbətində gözlənilir. Eyni zamanda Tarif Şurasının son qərarının perspektiv təhlili onu da göstərir ki, cari ildə yekun inflyasiya 12 faizi aşacaq. İkirəqəmli inflyasiyanın bazasında başlayan yeni ildə isə alıcılıq qabliyyətinin daha da azalması səbəbindən xüsusilə qeyri-ərzaq məhsullarının qiymətinin artım tempi aşağı düşəcək. Bu amil növbəti ilin birinci rübündə inflasiyanın ümumi səviyyəsinin azaldıcı təsir göstərsə də, gələn ildən inhisarçı şirkətlərin müraciətləri əsasında inzibati yolla tənzimlənən bir sıra tariflərin qaldırılması istehlak qiymətləri indeksini növbəti ildə də iki rəqəmli olacağını indidən proqnozlaşdırmaq üçün ciddi əsaslar yaradır.
Beləlilıə də istehlakçılar gələn il ərzində də qiymətlərin bahalaşmasının yaratdığı əlavə xərcləri ödəmək məcburiyyətində qalacaq.