Vaxt.Az

Azərbaycana gələcək Nobel mükafatını kim və necə əngəllədi?


 

Və ya kralı şoka salan, erməni generalları qəzəbləndirən, azərbaycanlı dahi

Azərbaycana gələcək Nobel mükafatını kim və necə əngəllədi?

1958-ci il, 10 dekabr.
İsveç, Stokholm.

Nobel mükafatlarının təqdimatı törəni keçirilir. İsveç kralı 4-cü Qustav Adolf kimya üzrə mükafatı təqdim etməyə hazırlaşır. Tədbirin aparıcısı qalibin adını elan edəndə kral səhnədə qarşılaşdığı laureatın qarşısında duruxur. Frederik Senger? Axı başqa ad olmalıydı?

Amma olan olmuşdu. Kral mükafatı təqdim etməliydi və edir də…

Bəs kral niyə duruxmuşdu? Kimin adının səslənəcəyini gözləyirdi?

***

 

1957-ci il, 29 dekabr.Moskva, Kreml.

SSRİ rəhbəri Nikita Sergeyeviç Xruşşovun kabinetində Siyasi Büro üzvləri yığışıb. Azərbaycanlı alimin məsələsi müzakirəyə çıxarılıb. Onun sənədləri təcili hazırlanmalı, İsveçə, Nobel Komitəsinə göndərilməlidir. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlinir. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. SSRİ DTK-nın sədri A.Şepilov məktubda yazılanlara qəti etiraz edir. Amma…

Elə bu yerdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan söz alıb çıxış edərək, məktubun müəlliflərinə haqq qazandır və onları dəstəkləyir. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə azərbaycanlı alimin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmur.

Əslində, azərbaycanlı aliminin kəşflərinin elmi təfsilatı və kimyəvi reaksiyalarını təsvir edən məqalələrin açıq mətbuatda, xüsusi elmi jurnallarda, o cümlədən xarici ölkələrin nəşrlərində və alimin öz monoqrafiyasında artıq çoxdan dərc edildiyi yaxşı məlum idi. Hətta Mikoyanın qorxduğu ABŞ-ın «Neft texnologiyalarının icmalı» («Reviews of petroleum technology») jurnalı hələ 1946-cı ildə yazırdı: «Onun tədqiqatları böyük əhəmiyyətə malikdir və elmin bu sahəsinin nəzəri məsələlərinin öyrənilməsində onun «Aviasiya yanacaqları istehsalında alkilləşdirmə reaksiyaları» monoqrafiyası xüsusi maraq doğurur».

Bəs, kim idi axı O?

Hə, böyük hərflə nahaq yerə yazmadıq. Söhbət Yusif Məmmədəliyevdən gedir. Sovet kimya sənayesinə, elminə bəlkə də 10 Nobel mükafatı qazandıra biləcək alimdən...

 

***

 

9 dekabr, 2016-cı il.

Moskva Dövlət Universitetinin Kimya fakültəsinin binası.

Fakültənin 3-cü mərtəbəsində, 326-cı otaqda bizi gözləyirdi Yelizaveta xanım. İçəri girəndə, sözün açığı, heyrətləndim: sosial şəbəkədə kimlərləsə danışırdı.

- Əyləşin, bircə dəqiqə, bitirirəm, tələbələrimdi.

91 yaşlı bu qadının kompüter arxasında, özü də intensiv şəkildə kimlərləsə yazışması, sadəcə maraqdan da o yayana keçmişdi. Bir neçə dəqiqə də keçdi, 91 yaşlı professor Yelizaveta Sergeyevna Balenkova işindən ayrıldı:

- Oy... oğlum, düz 70 il keçib az qala. Onu xatırlamamaq mümkündürmü? Məmmədliyev! O, bir əfsanəydi. Kimyagər idi o, kimyagər. Onu necə unutmaq olar ki?

Hə, düz 70 il əvvələ qayıdır 91 yaşlı professor xanım.

- Bakı SSRİ neft-kimya sənayesinin beşiyi olub. Neftə görə. Mendeleyevdən başlayıb hər şey. Mendeleyev gəlib Bakıya, sonra sonra Zelinski. Sizin kimya məktəbiniz böyük məktəbdir. Təsadüfi deyil ki, sizin universitetin (BDU-nu nəzərdə tutur) rektoru Abel Məhərrəmov da bir qədər əvvəl Rusiya Elmlər akademiyasının həqiqi üzvü seçildi. Bu sizə qəribə gəlməsin. Sizin alimləriniz kimyada çox uzağa gediblər, çox. Məmmədliyev isə... Hə, onu unutmaqmı olar? Düz deyirsiz, yəqin ki, onun rəhbərliyi altında çalışan elmi işçilərdən sağ qalan yeganə mənəm, deyəsən.

Bir qədər fikrə gedir, Yelizaveta Sergeyevna. Deyir, az qala 70 il keçib ayını, gününü xatırlaya bilmir.

- Məni akademik Kazantsev yanına çağırdı. Dedi ki, tələbələri də götürüb gedirsən Bakıya. Və bir məktub verdi. Dedi verəcəksən, Yusif Məmmədəliyevə. Biz Bakıya səhərə yaxın çatdıq. Mən tələbələri də götürüb, düz Elmlər Akademiyasına getdim. Şəxsən özü qarşıladı bizi. Elmi təcrübənin keçiriləcəyi yerləri müəyyən etdi. Bir sözlə, hər cür şərait yaratdı.

Bakıda yeni tikilməkdə olan Neft Daşlarından tutmuş, Sumqayıtdakı zavodlara, elmi institutlara qədər hər yerdə olurlar moskvalı tələbələrə şərait yaradıldı. Yusif Məmmədəliyev isə gənclərin elmi təcrübələrinə özü nəzarət edir.

- O, hər gün bizimlə maraqlanırdı. Demək olar ki, onsuz, onun nəzarətindən kənarda heç bir iş görməzdik. Bakı bizə böyük təcrübə oldu. Həmin uşaqların hamısı sonradan elmi dərəcələr aldı. Adidən də adi bir təcrübəni diqqətdən kənarda qoymurdu Məmmədəliyev. Əslində biz onun haqqında çox eşitmişdik. Bilirdik ki, SSRİ-də yeganə alimdir ki, heç bir dissertasiya müdafiə etmədən alimlik dərəcəsi alıb. «Molotov kokteyli», əlbəttə, onun adıyla bağlıdır. O vaxt müttəfiq respublikalarda elmlər akademiyaları yox idi. Akademik Komarov demişdi ki, təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda akademiya yaratmaq olar.

Yelizaveta Sergeyevna bir məqama da toxunur. Deyir, Bakı təcrübəsindən sonra özü çox araşdırma aparıb. Hə, bəlkə də Azərbaycan oxucusu bunu bilmir. Faşist Almaniyasının məğlubiyyəti ilə bağlı keçirilən tarixi 24 iyun 1945-ci il paradında Yusif Məmmədəliyev Stalinlə, digər sovet rəhbərləri və generalları ilə bir sırada paradı qəbul edənlər arasında olub. Həmin gün Qırmızı Meydanda bu şərəfə layiq görülən adamlardan biriymiş Məmmədəliyev.

«Sovet aviasiyasının məşhur qəhrəmanı Pokrışkindən, general Dzusovun igid təyyarələrindən və ya general Osipenkonun qırıcılarından soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Məmmədəliyev!». Bunu Sovet radiosu deyirdi.

O dövrdə gənc alimin elmi kəşfi yüksək qiymətləndirildi. O, Ali Baş Komandan Stalinin təşəkkürü ilə mükafatlandırıldı, Lenin ordeni ilə təltif olundu və birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı.

Bir müddət sonra, daha dəqiq desək, 12 il sonra, yəni 1954-cü ilin noyabr ayının 19-da Yusif Məmmədəliyev digər bir böyük ixtirası ilə dünya elminə yeni töhfə verdi. Belə ki, onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bildi və ballistik raketlər quyulara endirilib qərb istiqamətinə tuşlandı, dünyada ilk dəfə olaraq 1957-ci il oktyabr ayının 27-də məhz sovet süni peyki çəkisizlik şəraitinə qalxdılar.

Hə, gec də olsa, bu məqamı mütləq qeyd edək.

Faşist ordusuna qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın - əldə edilməsi əsasında işlənib-hazırlandı. Amma o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici «kokteyl»in müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Mircəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdı. Hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hə, məhz bundan sonra Bağırov Stalinə məruzə etmişdi: «Azərbaycanlı alim elə bir şey kəşf edib ki…»

 

***

 

«Sizin kimya sənayesi və elmi belə böyük şəxslərin adıyla bağlıdır. Amma böyük bir məktəbiniz var» - deyir, Elizaveta Sergeyevna. Və ardınca da adlar çəkir. Hətta söhbət dünya şöhrətli siyasət adamı Kissincerdən gedir. Kissincerin məsələyə nə dəxli var? Hələ üstəlik Naftalan neftinin də adını çəkir.

Kissincer, Naftalan nefti və ardınca… Deyəsən, maraqlı oldu.

Ardı var

 





13.12.2016    çap et  çap et