Vaxt.Az

Afrika mətbəxindən – Tiqadegena


 

Bu yeməyi dadmaq üçün Cunqliya meşələrini adlamaq lazım gəlməyəcək

Afrika mətbəxindən – Tiqadegena Sizə bu gün təqdim etdiyim yemək Afrika mətbəxinə aiddir. Deyə bilərsiniz ki, niyə məhz Afrika? Fikirləşdim ki, artıq öz mətbəximizə, Türk mətbəxinə, Avropa mətbəxinə kifayət qədər müraciət eləmişik. Görək ,bu Afrika əhli nə yeyir, dadlıdırmı yeməkləri? Baxın ,bu yeməyin içinə nələr gedir:
Tərkibi: 
200 q araxis
500 q ət (mal və ya qoyun)
2-3 baş soğan 
600 q tərəvəz (ailənizin sevdiyi: yerkökü, qabaq, boranı, kələm, badımcan, turp və s.)
200 q pomidor 
bitki yağı
keşniş
reyhan
cəfəri
şüyüd
1 diş sarımsaq 
dəfnə yarpağı
qara istiot
duz
düyü
Əvvəlcə araxis pastasını hazırlamaq lazımdır. Bunun üçün araxisi quru tavada qovurun, ovcunuzda ovxalayaraq qabığını çıxarın. Araxisi ət maşını, yaxud kombayndan keçirin, az-az su əlavə edin, kəsmik qatılığında pasta alınmalıdır. Zövqünüzə görə seçdiyiniz tərəvəzləri yuyun, doğrayın (çox xırda olmasın). Soğanı yarımhalqa doğrayın. Əti 3-4 sm tərəfli kublara doğrayın. 
Tavaya yağ tökün, qaynar olanda əti əlavə edin, iti odda qızılı-qəhvəyi rəng alanadək qovurun. Yerkökü və soğan əlavə edin, qarışdırın, qovurun. Pomidorların qabığını soyun, çəngəllə əzin, tavadakılara əlavə edin. Xörəyi qarışdıraraq tədricən araxis pastasını əlavə edin. 
Digər tərəvəzləri də əlavə edin, bütün inqredientlərin üstünü örtəcək qədər qaynanmış su tökün. Orta itilikli odda 20 dəqiqə bişirin. Ətin və tərəvəzlərin bişmə dərəcəsini yoxlayın, lazım gələrsə, su əlavə edib bir qədər də bişirin. 
Tiqadegena hazır olduqda 2 dəfnə yarpağı, əzilmiş sarımsaq, qara istiot əlavə edin. 5 dəqiqədən sonra ocaqdan götürün. Düyünü bişirin, azca duz vurun. Xırda formalara yığın, basdalayın. Boşqaba tərs çevirin. Yanına içinə göyərti doğranmış tiqadegena qoyun. Göyərti ilə bəzəyin.
 





01.05.2013    çap et  çap et