Tərkibi (resept 1):
2 st. çəyirdəksiz gilənar
konyak
6 yumurta
1 st. un
1 st. şəkər tozu
1 paket vanilli şəkər
1 paket qabartma tozu
200 q kərə yağı
1 banka qatılaşdırılmış süd
Təzə gilənar əvəzinə dondurulmuşundan istifadə etmək olar. Tort hazırlamazdan bir gün əvvəldən gilənarın üstünə konyak töküb soyuducuda saxlayın. Sabahı gün konyakı süzün.
Yumurtaları mikserlə çalın, tədricən şəkər tozu, qabartma tozu, vanil, un əlavə edərək çalın. Sinini yağlayın, un səpin. Xəmiri içinə boşaldın. 180 dərəcə qızdırılmış sobada bişirin. Biskviti soyudun. Sonra iki hissəyə bölün. Amma alt hissə üst hissədən qalın olmalıdır. Alt hissənin içini oyub bir qaba yığın.
Yağı hissələrə bölüb mikserlə çalın. Qatılaşdırılmış süd, sonra isə «sərxoş» gilənarları əlavə edin. Oyub çıxardığınız biskvit tikələrini də əlavə edib qarışdırın. Alınan kütləni alt korjun içinə doldurun. İkinci korju üstünə qoyun.
Şokoladın üstünə süd töküb bir neçə saniyəlik mikrodalğalı sobaya qoyun. Sonra çıxarıb qarışdırın (bunu su hamamında, südsüz də əridə bilərsiniz). Qlazuru tortun üstünə və kənarlarına çəkin. Zövqünüzə görə bəzəyin.
Tərkibi (resept 2):
xəmir:
12 yumurta
3 st. şəkər tozu
2,5 st. un
2 dolu ç.q. qabartma tozu
1/2 x.q. kakao
vanil
«Çivas» viskisi
krem:
500 q kərə yağı
1 banka qatılaşdırılmış süd
3 x.q. kakao
çəyirdəksiz gilənar (mürəbə və ya kompotdan da olar)
konyak, yaxud araq (gilənar üçün)
10 gün əvvəldən gilənarı konyak və ya arağın içinə qoyun. İstifadə edərkən konyakı süzün.
Biskvit hazırlamaq üçün yumurtanı şəkər tozu ilə çalın. Kakao, vanil, viski, un və qabartma tozunu əlavə edib çalın. Həcmi böyüməlidir. Kənarları açılan qabı (diametri 28 sm) yağlayın, un səpin, xəmiri içinə tökün. Sobanı 160 dərəcəyədək qızdırın. Biskviti sobada təxminən 1 saat 20 dəqiqə bişirin. Sonra bunu sobadan çıxarın. Qabın kənarlarını açın, üzərinə yaş dəsmal çəkin (üstü yumşaq olsu deyə). Sonra elə bu dəsmalla birlikdə 30 dəqiqəliyə sobanın içinə qoyun (əgər soba bir neçə yarusludursa, lap aşağı yarusunda qoyun). Bu zaman temperatur yenə 160 dərəcə olmalıdır. 9-10 sm hündürlükdə biskvit alınır.
Hazır biskviti sobadan çıxarın. Soyudun. Sonra üstünü kəsib götürün (sapla daha səliqəli alınır). Altdakı korjun kənarlarını və altını 2 sm qalınlıqda olmaqla «divar» kimi saxlayıb, içini oyun.
Oyduğunuz biskviti hissələrə bölün (lap xırda eləməyin).
Krem üçün olan ərzaqları çalın. Oyub xırdaladığınız biskviti kremlə qarışdırın. Buraya süzdüyünüz gilənarı, həmçinin zövqə görə, xırdalanmış qoz da əlavə edə bilərsiniz. Qarışdırın. Alınan kütləni alt korjun içinə doldurun. «Qapağını» (ikinci korju) üstünə qoyun. Üzərinə qlazur çəkin. Bir gecə soyuducuda saxlayın.
Nuş olsun!