Vaxt.Az

Nisyə satışların təhlükələri


 

Maliyyə Sabitliyi Şurasına müraciət

Nisyə satışların təhlükələri Prezident maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib. Nədənsə maliyyə sabitliyi dedikdə yalnız pul siyasəti və banklar yada düşür. Halbuki kredit bazarına, əhalinin borc bataqlığının dərinləşməsinə nisyə mal satan dükanların da təsiri çox böyükdür. Bu məsələnin də tədbirlər planında əks olunması məqsədilə Şura üzvlərinə məktub göndərmişəm.

Belə ki, nisyə satışlar üzrə azı 6 problem var:

1. Nisyə satışın 2 mənbəyi var:

a) kredit təşkilatlarının kreditləri;

b) çirkli pullar. Birinci mənbədən istifadə olunursa, bank sisteminin riskləri artır, çünki nisyə alıcıların defoltu halında kredit təşkilatlarının da kreditləri ödənilməyə bilər. İkinci mənbədən istifadə isə ümumiyyətlə dövlətin iqtisadi təhlükəsizliyi məsələsidir.

2. Belə satışlar üzrə ödənişlər bir çox hallarda qeyri-rəsmi xarakter daşıyır və beləliklə də vergilərdən yayınmalar baş verir.

3. Belə satışlar üzrə effektiv faiz dərəcələri kredit təşkilatlarının dərəcələrindən bir neçə dəfə çoxdur və təxmini illik 100 faiz həddindədir. Nəticədə istehlakçıların yükü artır, hüquqları və maraqları pozulur, kredit təşkilatları isə haqsız rəqabətə məruz qalır.

4. Nisyə alqı-satqı sayəsində əhalinin borclanması statistikada və hər bir şəxsin kredit tarixçəsində nəzərə alınmır və bu da bank sisteminin risklərini artırır.

5. Nisyə alqı-satqı müqavilələrində qiymət bir çox hallarda qanuna zidd olaraq dolayısı ilə xarici valyutaya bağlanır.

6. Nisyə mal satan dükanlar problem yarananda kollektorların gücündən istifadə edir və bu da cəmiyyətdə sosial gərginliyi artırır, kriminogen vəziyyəti pisləşdirir.

Sadalanan problemlərin həlli üçün qanunvericiliyə aşağıdakı dəyişiklikləri təklif etmişəm:

1. «Kredit büroları haqqında» Qanunda: nisyə mal satan dükanların azı bir kredit bürosunda icbari iştirakı. Bu halda bütün nisyə satışların uçotu aparılacaq və kredit tarixçələri tam olacaq, vergidən yayınmalar olmayacaq və s.

2. Mülki Məcəllə və Nazirlər Kabinetinin 3 aprel 2015-ci il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nda: nisyə mal satışı ilə şəxsin yalnız öz kapitalı hesabına və alıcının gəliri haqda rəsmi sənəd əsasında məşğul olması. Bu halda nisyə mal satan dükan borc hesabına borc verə bilməyəcək və onsuz da borc içində batanları daha çox yükləyə bilməyəcək.

 





15.12.2016    çap et  çap et