Bu barədə OPEC-in hesabatında deyilir.
Bildirilir ki, noyabrda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 530 min barrel artaraq 96 milyon 840 min barrel təşkil edib. Qlobal neft təklifinə OPEC və qeyri-OPEC ölkələrdə istehsalın artması təsir göstərib. Qeyri-OPEC ölkələri üzrə neft təklifi noyabrda əvvəlki aya görə gündəlik təxminən 379 min barrel artıb. (AzərTAc)
Noyabrda OPEC üzrə xam neft hasilatı ən çox Anqola, Nigeriya və Liviyada artıb, ən böyük azalma isə Küveyt və Səudiyyə Ərəbistanında olub. Anqolada gündəlik neft hasilatı noyabrda əvvəlki aya görə 124 min barrel artıb. Nigeriyanın gündəlik hasilatı 62 min barrel, Liviyanın sutkalıq istehsalı isə 47 min barrel çoxalıb. Təşkilat üzrə istehsalın həcmi ən çox – 51 min barrel ilə Küveytdə azalıb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə hasilat gündəlik 47 min barrel azalaraq 10 milyon 512 min barrelə enib.
Bu il OPEC-in xam neft tələbatı ötən illə müqayisədə gündəlik 1 milyon 900 min barrel artaraq 31 milyon 900 min barrelə, 2017-ci ildə 32 milyon 600 min barrelə çatacaq. Cari ildə qlobal neft tələbatı isə keçən ilə görə 1 milyon 240 min barrel artaraq gündəlik 94 milyon 410 min barrel, 2017-ci ildə 95 milyon 560 min barrel olacaq.
Qeyri-OPEC ölkələrin builki neft təklifi ötən illə müqayisədə sutkada 780 min barrel azalaraq 56 milyon 200 min barrelə enəcək. Kartelə üzv olmayan ölkələrdə isə neft təklifi 2017-ci ildə artaraq gündəlik 56 milyon 500 min barrelə çatacaq.
Noyabrda ümumilikdə qazma quyularının sayı 1753 olub. Bu quyuların 556-sı OPEC ölkələrindədir.