Vaxt.Az

ABŞ-ın Putinin dostu olan gələcək dövlət katibi


 

Elçi ABŞ-Rusiya münasibətlərinə nə gətirəcək?

ABŞ-ın Putinin dostu olan gələcək dövlət katibi Donald Tramp ABŞ Senatına «ExxonMobil»in başçısı Reks Tillersonu ABŞ dövlət katibi təsdiq etməyi təklif edib. O kimdir və onun təyin edilməsi Amerika-Rusiya münasibətlərinə nə gətirə bilər?

Reks Tillerson Rusiyanın dostudur. Bu, rəsmi faktdır: «ExxonMobil» energetika konserni Direktorlar Şurasının başçısı 2013-cü ildə Rusiyada «Dostluq» ordeni alıb. Bu, o, «Rosneft» konserni ilə Arktikanın Rusiya hissəsində neft yataqlarının birgə işlənməsi haqda tarixi saziş imzaladıqdan sonra baş verib. O zaman deyilirdi ki, bu sövdə tərəflərə 500 milyard dollara qədər qazandıra bilər.

Tillerson həm də Rusiya prezidentinin dostudur: «Mənim Vladimir Putinlə münasibətlərim, demək olar, 15 il öncə başlanıb. Onu 1999-cu ildən tanıyıram və çox yaxın münasibətimiz var», – deyə Reks Tillerson bir neçə il əvvəl Ostində Texas universitetinin tələbələri ilə görüşdə məlumat verib.

Bill Klinton administrasiyasının yüksəkçinli məmurlarından biri, strateji və beynəlxalq araşdırmalar Mərkəzinin prezidenti Con Hamr mümkün gələcək dövlət katibi haqda deyir: «O, Vladimir Putinlə təkcə Henri Kissincer istisna olmaqla ABŞ-ın istənilən hər hansı vətəndaşından daha çox ünsiyyətdə olub».

 

Siyasi təcrübəsi yoxdur, amma bu, əladır

 

Reks Tillerson dövlət katibi olacağı halda seçilmiş prezident Donald Tramp kimi siyasətdə təzə adam olacaq – 64 yaşlı respublikaçı heç vaxt heç bir dövlət postunu tutmayıb. O, bütün həyatı boyu bir yerdə işləyib: Tillerson 1975-ci ildə universitet təhsilini başa vurduqdan sonra «Exxon»da karyeraya başlayıb və 2006-cı ilə doğru adi mühəndislikdən Direktorlar Şurasının sədrinə kimi müvəffəq ola bilib. Texaslı bu gün 260 milyard dollardan yuxarı dövriyyəsi və bütün planetə səpələnmiş 350 milyard dollara yaxın aktivi olan şirkəti idarə edir.

Tillerson bununla ad çıxarıb ki, qatı mühafizəkardır, lakin eyni zamanda radikal baxışları ilə seçilmir. O, qlobal iqlimin dəyişildiyini etiraf edir və onun müdafiəsi üzrə tədbirlər görməyə hazırdır, azad ticarət uğrunda çıxış edir və dövlət katibi postu uğrunda rəqabətdə ona uduzmuş və indi Tillersonun müavini vəzifəsini tutacağı güman edilən Con Bolton kimi millətçi deyil.

Beynəlxalq siyasəti yaxşı bilməsi, dünyanın əksər guşələrində, o cümlədən Yaxın Şərq və Rusiyada yaşayıb işləməyi «ExxonMobil» başçısının Dövlət Departamentinin rəhbəri kimi xeyrinədir. Ola bilsin, əksər peşəkar diplomatlardansa o, dünyanın ən böyük özəl neft şirkətinin şefi kimi, bütün dünya üzrə aparıcı siysaətçilərlə daha çox böyük təmas təcrübəsinə malikdir. Lakin onun xarici siyasət problemlərinə baxışı haqda praktik olaraq heç nə məlum deyil.

Tillerson növbəti ildə «ExxonMobil»in başçısı postundan getməyə hazırlaşırdı, ona görə də Dövlət Departamentinə rəhbərlik etməklə bağlı formal problemi olmayacaq – sadəcə, öz şirkətinin bütün səhmlərini satmalı olacaq ki, maraqlar münaqişəsindən yayınsın. O isə kasıb adam deyil – müxtəlif hesablamalara görə, Tillersonun şirkətdəki payı 149-218 milyon dollar civarındadır.

 

Tillerson və Rusiya

 

Krımın ilhaqına görə 2014-cü ilin martında Rusiya ilə Qərb ölkələri arasında gərginlik meydana çıxarkən Reks Tillerson özünü bacarıqlı praktik kimi göstərib – «The New York Times» (NYT) qəzeti bu qənaətə gəlib. «ExxonMobil» şirkəti onun başçılığı altında Amerika administrasiyasının Moskvaya münasibətdə qəbul etdiyi sanksiyalara itaətlə əməl edib, lakin Reks açıq şəkildə buna qarşı çıxış edib.

Bu aydındır: Amerika neft konserni bir sıra layihələrin dondurulması üzündən milyardlarla ziyana düşdü. Lakin Tillerson həmin dövrdə pərdəarxasından Rusiya hökuməti ilə yaxşı münasibətləri saxlamaq və RF-də biznesi davam etdirməyə hazır olduğunu göstərməyə nail olub. Çoxları əmindir ki, konsern başçısı kimi sanksiyaların ləğvi və Rusiyada işlərin genişləndirilməsində marağı olan Reks Tillerson dövlət katibi postunda sanksiyaların ləğvi uğrunda çıxışı davam etdirəcək. Vaşinqtondan «Public Citizen» ictimai təşkilatının prezidenti Robert Vayssman işarə vurur: «Onun Rusiyaya «ExxonMobil» prizmasından baxacağı şansı 100 faizə yaxındır».

«Tillerson ABŞ və Rusiya münasibətlərinin yenidən yüklənməsi üçün etibarlı və effektli elçi olacaq», – deyə keçmişdə Obama administrasiyasında Dövlət Departamentinin energetika məsələləri üzrə aparıcı diplomatı Devid Qolduin NYT-a bildirib. Qolduin hesab edir ki, Tillersonun seçilməsi bildirir ki, gələcək prezident Tramp «Çinə qarşı Rusiya ilə pakt bağlamağı qət edib».

 

Dəf edilməsi mümkün şəkk

 

Tramp Tillersonun Rusiyaya yaxınlığını üstünlük sayır, lakin yerli müşahidəçilər diqqəti buna cəlb edilər ki, texaslının namizədliyi Amerika Konqresində böyük vəcd doğurmayıb. Floridadan senator Marko Rubio və Arizonadan senator Con Makkeyn kimi bir sıra respublikaçılar artıq onun ünvanına şəkkak ifadələr işlədiblər. Dövlət Departamentinin başçısı kimi Reks Tillersonun namizədliyini Senat təsdiqləməlidir və orada «Rusiya kartı» qəti şəkildə hansısa rolu oynayacaq. Ancaq müşahidəçilər şübhə edirlər ki, bu, texaslının təyinatını dayandırmaq üçün kifayət edər. Çox güman ki, demokratlar onun təyinatının önünü kəsəcəklər, lakin hazırda Senatda üstünlüyü olan respublikaçıların əksəriyyətinin Trampın seçimini dəstəkləyəcəyi ehtimalı daha yüksəkdir. (Strateq.az)

 





16.12.2016    çap et  çap et