Vaxt.Az

«Çinin süni adalar zonasında hərbi üstünlüyü var»


 

Ekspertlər mümkün ABŞ-Çin müharibəsi barədə

«Çinin süni adalar zonasında hərbi üstünlüyü var» ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) Sakit okean komandanlığının şefi Harri Xarris çərşənbə günü bildirib ki, lazım gəlsə, Cənubi Çin dənizində Çinə qarşı durmağa hazırdırlar. «Cənubi Çin dənizində süni adalarda inşa edilmiş bazaların sayından asılı olmayaraq ümumi məkanın birtərəfli qaydada bağlanmasına yol verməyəcəyik, – SİTA admiraldan sitat gətirir. – Mümkün olduğu qədər əməkdaşlıq edəcəyik, lakin zərurətə çevriləndə qarşıdurmaya da hazır olacağıq».

Elə həmin gün məlum olub ki, Amerikanın bir neçə şirkəti əksəriyyəti üçün əsas bazara dönmüş və bunu itirməkdən əndişələnərək Çinlə qarşıdurma əleyhinə dərhal çağırış göndərib. Donald Tramp hələ vəzifəyə başlamamış Çin mallarına 45 faiz rüsum tətbiq etmək və Tayvanı ÇXR-in tərkib hissəsi kimi tanımaqdan imtina haqda bəyanatları ilə yüngül xof yaratmağa nail olub. Çindəki ekspertlər xəbərdarlıq edirlər ki, Tayvanın müstəqilliyinin ABŞ tərəfdən tanınması müharibəyə səbəb ola bilər.

«Tayvanın suverenliyinə razılaşan heç bir Çin hökuməti hakimiyyətdə duruş gətirə bilməz, – Fudan universitetinin Rusiya və Orta Asiyanı araşdırma Mərkəzinin direktoru Çjao Huaşen «Kommersant»a bildirib. – Düşünürəm ki, bu cür hərəkətin cavabı müharibə ola bilər».

 

Adaların piyada olmaq təhlükəsi var

 

«Admiral Xarrisin bəyanatını fitnəkarlıq saymaq olar. Əslində, Amerika hərbi donanması artıq çoxdan əvvəlki qədər güclü deyil, halbuki Çin HDQ sürətlə inkişaf edir. Obama Pentaqonun büdcəsini güclü şəkildə azaldıb, ABŞ-ın problemləri var, buna görə də bu akvatoriyada Çinlə rəqabət aparmaq üçün tezliklə yetərincə gücü olmayacaq, – naməlum qalmasını istəyən Tayvan politoloqlarından biri «Vzqlyad» qəzetinə izah edib. – Və ümumiyyətlə, Çinlə dalaşmaq Amerikaya, birinci növbədə çinlilərlə əməkdaşlıqdan çox böyük gəlirlər əldə edən Amerikanın iri biznesinə  sərfəli deyil».

Tayvanlı ekspert xatırladır ki, lakin Tramp iliyinəcən biznesmendir. «O, işgüzar adamların qayda-qanununu yaxşı bilir – sövdələşmək, əvvəlcə ən yuxarı qiymətdən başlamaq lazımdır. Buna görə də özünü elə göstərir ki, guya Tayvanın müstəqilliyini tanıya bilər».

Məlum olduğu kimi, Tramp bütün seçkiqabağı kampaniyası boyu Pekini ABŞ-ın əsas rəqiblərindən biri adlandırıb. O, Amerikanın Cənubi Çin dənizində iştirakının gücləndirilməyini tələb edib ki, Çinin önünü kəsməyə və Pekinin süni adalar ucaltmağını dayandırmağa şərait yaransın. Pekin öz növbəsində öz aviadaşıyıcısının inşasının yekunlaşdığı haqda bu yaxınlarda məlumat yayıb. Gəmi «Lyaonin»dən (keçmiş sovet «Varyaq»ı) sonra ÇXR HDQ-də ikinci olacaq. Çin mətbuatı aviadaşıyıcının meydana çıxmasını Şərqi və Cənubi Çin dənizlərindəki mübahisəli sularda donanmanın imkanlarını genişləndirmək, həmçinin öz sahillərindən uzaqlarda milli maraqları qorumaq planlarınn tərkib hissəsi kimi qələmə verir.

Ali İqtisadiyyat Məktəbinin beynəlxalq münasibətlər Departamentinin rəhbəri Aleksandr Lukin tayvanlı həmkarından fərqli olaraq əmindir ki, Çin donanması Amerikanınkı ilə hələ uzun müddət rəqabətə girə bilməz. «Çin adaları süni şəkildə böyütməyə başlayıb ki, özününkü saydığı zonaya daha yaxşı nəzarət üçün orada donanma yerləşdirsin. Nəticədə orada nə olacaq – tam aydın deyil. Amerika gəmiləri orada üzdüyü kimi də üzür. Çin ancaq sözdə qəzəblənir. Çin hər halda qarşıdurmaya getsə, onda münaqişə mümkündür. Əlbəttə, Amerika donanması güclüdür, lakin Çinin quru ərazisi orada yaxında yerləşdiyindən Çinin üstünlüyü olacaq: ehtiyatları çəkib gətirmək asandır, gəmilərə qurudan, süni adalardan atəş  açmaq olar», – deyə Lukin «Vzqlyad» qəzetinə bildirib.

Lukin qeyd edib: «Tramp Çinə qarşı çox kəskin şəkildə çıxış edir. Hakimiyyətə gələndə nə edəcəyi çox da aydın deyil. Ola bilsin, admiral Xarris Trampın ritorikasına yarınmaq üçün bu qədər dovtələb çıxış edib. Bəlkə də, admiral xidmət mövqeyini qoruyub saxlamaq istəyir».

Bununla belə, ekspert əmindir ki, heç kim qarşıdurma istəmir və «bu, hələlik mövqelər haqda bəyanatlardır».

 

Sakit okeanda da yürüşü başa çatdırıblar

 

Siyasi və hərbi analiz İnstitutunun analitika şöbəsinin müdiri Aleksandr Xramçixin əmindir ki, Çin Cənubi Çin dənizində gəmiçiliyi yasaqlasa, admiral Xarris hipotetik durumu nəzərdə tutur və bu yasaq «hərbi baxımdan yetərincə mürəkkəb olacaq».

Onun sözlərinə görə, Çin silahın bütün növlərinin sürətləndirilmiş modernləşmə, o cümlədən Amerika aviadaşıyıcılarını da təhdid edə biləsi ballistik raketlərin istehsal tempini saxlayır. Lakin ekspert bu silahın effektivliyini təxmin etməyə girişmədi, «çünki heç kimin bu cür təcrübəsi olmayıb». Bundan savayı, Pekin «çoxsaylı qanadlı raketlərin» sürətlə yaradılmasını da davam etdirir.

Hər iki ölkənin ÜDM-in indiki inkişaf tempinin saxlanacağı halda Çin 15 ildən sonra Sakit okeanın şimali-qərb hissəsi və Hind okeanında amerikalılarla bərabər şəkildə rəqabət apara bilər. «Toqquşma Cənubi Çin dənizində baş versə, onda materik Çinin yaxınlığı səbəbindən  üstünlük Çinin tərəfində olacaq, – Xramçixin «Vzqlyad» qəzetinə bildirib. – Çinlilər təchizat mərkəzlərinə daha yaxın olacaq. Həm də sahil aviasiyası yardım edə bilər, amerikalıların isə bu cür imkanı olmayacaq».

Rusiya EA Uzaq Şərq İnstitutunun baş elmi əməkdaşı, strategiya və texnologiyalar Mərkəzinin eksperti Vasili Kaşin inanır ki, Çin və ABŞ-ın Sakit okeandakı hərbi-dəniz potensialını deyil, onların adaların birinci silsiləsi daxilində, xüsusən də Yaponiyanın Rükü adasında, həmçinin Tayvan və Filippin adalarında hərəkət etmək imkanlarını tutuşdurmağına dəyər.

Kaşin izah edir: «Cənubi Çin dənizi daxil olmaqla bu çərçivələrdə çinlilərin bir sıra olduqca ciddi üstünlükləri meydana çıxır. Birincisi, onlar Amerika aviadaşıyıcısındansa onsuz da çoxsaylı olacaq sahil aviasiyasından istifadə etmək imkanına bağlıdır. İkincisi, bu, qeyri-nüvə sursatlı ballistik raketlərlə Amerikanın istənilən obyektinə zərbə endirmək imkanı ilə bağlıdır».

Çinlilərin digər üstünlüyü gəmi əleyhinə ballistik raketlər və gəmi əleyhinə YJ-62 ağır qanadlı raketlər kimi yeni silah növlərilə bağlıdır. Ekspert «Üstəgəl, çinlilər bu rayonda raket katerləri, dizel-elektrik sualtı qayıqları kimi külli miqdarda donanma gücündən maksimal şəkildə yararlanmağı bacararlar. Bundan başqa, onlar hazırda adaların birinci silsiləsi daxilində dib hidrofonları şəbəkəsinin irimiqyaslı inşaatını aparır ki, bu da düşmən submarinalarının aşkarlanmasında üstünlük verəcək. Buna görə amerikalılara artıq indi bu zonada vuruşmaq çətin olacaq» deyərək əlavə edir ki, hərbi əməliyyatlar Çin sahillərindən uzaqlaşdıqca qüvvələr nisbəti dərhal amerikalıların xeyrinə dəyişiləcək. (Strateq.az)

 





16.12.2016    çap et  çap et