Digər tərəfdən, ölkənin şimalındakı kürd əhali ilə Suriya arasındakı eyniyyət bağını qırmaq niyyəti var. Bu səbəbdən məlum deyil ki, öz əhalisinin yarısını itirmiş bu ölkə Suriyada qalanların nə qədəri üçün vətəndir. Ərəblər, Bəşər Əsəd daxil olmaqla nusayrilər, türkmənlər, müxalifət və kürdlər üçün bütün Suriya bu gün də vətən olaraq qalırmı?
Gerçək duruma nəzər salsaq, onda müxalifət və türkmənlər üçün «vətən» «Fərat qalxanı» əməliyyatının gedişində İŞİD-dən təmizlənən bölgədir və Əl-Babın götürülməsi ilə genişlənəcək. Fəratdan şərqə şimali Suriya kürdlərin bir hissəsi üçün «vətən»dir. Mərkəzi Suriyadan Aralıq dənizinədək rayon nusayrilər üçün «vətən»dir…
Hazırda bu qırılmış eyniyyətləri vətənə sevgi və vətənsevərlik əsasında birləşdirmək zərurəti var. Bu yöndə kim və nə qədər hərəkət edir? Amerikanın kürəyini sığalladığı, AB-nin isə əzizlədiyi «Demokratik Birlik» partiyasından – Suriya PKK-sından Suriyanın «ərazi bütövlüyü» haqda qayğı gözləmək faydasızdır. ABŞ və AB-nin İŞİD-ə qarşı PYD-dən yararlanmağına görə Suriyanın ərzi bütövlüyü onlar üçün də mütləq şərt deyil.
İran daha çox komplimentə bənzəyən «bütövlük»dən danışsa da, ərazi bütövlüyü onu da həyəcanlandırmır. Belə olmasaydı, Hələbin işğalı zamanı dinc sakinlərə atəş açmaz, barışığa baxmayaraq kütləvi qırğınlar törətməzdilər.
Rusiya üçün isə başlıcası onun bazaları və nusayrilərin təklif edə biləcəyi imkanlardır.
Qonşu dövlətin ərazi bütövlüyünü tam səmimiyyəti ilə Türkiyə arzulayır. Ərazi bütövlüyü təmin edilməsə və Fəratın şərqində baş tutmuş fakt üsulu ilə kürd dövləti yaratmağa cəhd göstərilsə, Türkiyə çoxdan bildirdiyi kimi, «nəyin bahasına olur-olsun» buna yol verməmək üçün mümkün hər şeyi edəcək.
Müstəmləkəçilər və icarəçiləri cənub hüdudlarımız boyu terrorçuluq dəhlizi yaratmağa cəhd etdi. Biz buna yol vermədik. «Fərat qalxanı» əməliyyatı vasitəsilə bu xülyanı dağıtdıq. Görünür, onlar bu dəfə Fəratın şərqində kommunist kürd dövləti yaratmağa can atırlar. Qəribə olsa da, kapitalist ölkələri zirək şəkildə bu cür ideologiyalı dövlət quraşdırmağa səy edir. Məqsəd ya birbaşa dövlət, ya da tədricən dövlət müstəqilliyi qazanacaq güclü muxtariyyətin yaradılmasıdır!
Prezidentin «Biz yeni Sevr müqaviləsinin zorla qəbul etdirilməsi ilə üz-üzəyik» və «Mən terrorizmə qarşı kütləvi milli səfərbərlik elan edirəm»sözləri, ola bilsin ki, yuxarıda dedikərimizlə sıx bağlıdır. Durum elədir ki, ABŞ, Rusiya və İran Suriyadan öz hərbçilərini çıxartmayacaq, bazalarını təxliyə etməyəcək. Bu arada örtülü səngərdə gözləyən İsrail var, ondan heç bir səs-soraq yoxdur. İsrail Suriya məsələsində beşinci ünsürdür. Lakin diqqətlə gözləyir, çünki Suriyanın bölünməsi birinci hər şeydən əvvəl onun maraqlarına cavab verir.
Türkiyə hərbi və diplomatik manevrlərlə Suriyanın dövlət bütövlüyünü həyata keçirəcək, ya da Milli Pakt çərçivəsində (Türkiyə parlamentinin 1920-ci il yanvarın 20-də bəyəndiyi sənəd – müasir İraq, Suriya və Kiprin bir sıra ərazilərini Türkiyənin tərkibinə qatmağı nəzərdə tutur - tərc.) bütün cənub sərhədlərini milliləşdirəcək.