Fərdin Muradpur qardaşı ilə danışıqdan sonra onun aclıq aksiyasının 54-cü günündə ümumi zəiflik və halsızlıqdan huşunu itirdiyi deyib. «Murtaza bu gün ayağa qalxmağa çalışdığı zaman gözləri qaralıb və tarazlığını itirib. O, sonra huşunu itirərək yerə yıxılıb. Qardaşım məhbuslar tərəfindən üzünə su vurulduqdan sonra özünə gəlib. O, 15 dəqiqə huşsuz vəziyyətdə qalıb» - deyə Fərdin bildirib.
Onun sözlərinə görə, Murtaza özünə gələndən sonra həbsxananın poliklinikasına aparılıb. Həkimlər onun qan təzyiqi və şəkərini yoxlayıblar, lakin yoxlamaların nəticəsi elan olunmayıb. Onun ürək döyüntüsünün qeyri-müntəzəm olması və həddindən artıq yavaşlaması səbəbindən həkimlər ilk öncə tibbi aparatlarının düzgün işləmədiyini düşünüblər, Lakin sonra Murtazanın ürək döyüntüsünün inanılmaz dərəcədə yavaşladığı məlum olub. Poliklinikada məcburi olaraq ona iynə vurub və sistem qoşmaq istəyiblər, Murtaza isə «əgər buna cəhd göstərsəniz başımı divar və yataq taxtına çırpacam» deyərək həkimlərə bu icazəni verməyib.
«Murtazanın səsini dinləyəndə sankı artıq həyat əlamətləri tükənir. Səsində heç bir ümid yoxdur və getdikcə ölümü xatırladır. O çox çətinliklə danışır və başqalarının yardımı olmadan ayağa da dura bilmir. Əllərinin dərisi dəhşətli dərəcədə qabıq verir və davamlı olaraq baş gicəllənməsi var»- deyə Fərid əlavə edib.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.
M.Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.