1946-cı il dekabrın 17-də (1325-ci il azərin 26-da), Güney Azərbaycan Milli Hökuməti xarici himayədarlarının köməyilə fars şovinistləri tərəfindən devrildi. Həmin vaxt onminlərlə soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib. Eyni zamanda fars şovinistləri bir il müddətində çap olunmuş Azərbaycan türkcəsindəki bütün kitabları meydanda tonqal qalayaraq yandırıblar.
Bu münasibətlə Güney Azərbaycanın Urmiya şəhərində əhali arasında çox sayda türkcə çap olunmuş kitablar paylanılıb. Kitabların məzmunu Azərbaycan tarixi və milli mədəniyyətimizlə bağlı olub.
Ötən illərdə də Urmiya və Təbriz şəhərlərində «26 Azər», «Beynəlxalq Ana Dili Günü», «Uşaq Günü», «Kitab Günü», «Uşaq Kitabı Günü» və s. kimi əlamətdar günlərdə mədəni fəallar tərəfindən əhali arasında türkcə kitablar paylanılıb.
Bu simvolik tədbir İran rejiminin bütün basqılarına rəğmən mədəni fəalların xüsusi səyi nəticəsində həyata keçirilir.
Qeyd edək ki, «26 Azər» günü Güney Azərbaycanda Kitab Günü kimi qeyd olunur.