Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Neftçala rayon sakini Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaq yolu ilə müəyyən edilib ki, Ülfət Məmmədov özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin oktyabr ayının əvvəllərində Nərgiz Ələsgərova ilə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında görüşüb. Ona şəxsi mülkiyyəti kimi təqdim etdiyi, əslində isə kirayə yaşadığı mənzili satacağına dair yalandan vəd verib. Əvvəlcədən ilkin ödəniş kimi 10 min manat alıb, qısa müddət ərzində mənzili N.Ələsgərovanın adına keçirəcəyinə tam inandırmaqla ona qarşı dələduzluq edib.
20 iyun 2016-cı ildə Ü.Məmmədov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Törətdiyi cinayət əməlinə görə ona qarşı 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
«Borca pul axtarırıdım»
Təqsirləndirilən şəxs qismində dindirilən Ülfət Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində maşın alveri ilə məşğul olmağa başladığını, lakin kifayət qədər pulu olmadığına görə borca pul axtardığını göstərib: «Yaxınlarıma, tanışlarıma bu barədə demişdim. 2014-cü ilin oktyabr ayında tanışlarım vasitəsilə Nərgiz xanımı tanıdım. Onu faizə pul verən şəxs kimi tanımışam. Nərgiz xanımla və həyat yoldaşı Şakirlə əlaqə saxlayıb görüşdük. Aramızdakı razılığa əsasən, Nərgiz mənə 10 min manat verməli, qısa zamanda həmin pulu və üzərində 400 manat da faiz kimi qaytarmalı idim. Razılaşdıq. Yaşadığım yeri göstərməyimi istədilər. Mən də aparıb göstərdim. Onlara həmin evdə kirayə yaşadığımı dedim».
«Onlardan yayınır, telefonlarına cavab vermirdim»
Ü.Məmmədovun ifadəsinə görə, birlikdə notariusa gediblər, borc müqaviləsi imzalayıblar. Borc müqaviləsinin şərtlərinə uyğun olaraq, N.Ələsgərova ona həmin məbləği verib: «Bir müddət keçdikdən sonra aldığım 10 min manatı Nərgizə geri qaytardım. Faiz pulunu vaxtında verə bilmədiyimə görə onlardan vaxt istədim. Lakin pulu vaxtlı-vaxtında verə bilmirdim. Nərgizgil isə həmin pulu məndən istəyirdilər. Ona görə də, onlardan yayınırdım, telefonlarına cavab vermirdim».
Təqsirləndirilən şəxs aldığı əsas pulu qaytardığını bildirsə də, Neftçala rayon məhkəməsi onun borclu olması barədə qətnamə çıxarıb: «Borclu olmağım barədə qətnamə çıxarıldığına görə, məcbur qalıb Nərgizgilə pullarını bir daha verəcəyimi demişdim».
«Bizə dedi ki, mənzil girovdadır, inandıq»
Zərərçəkmiş şəxs qismində dindirilən Nərgiz Ələsgərova ifadəsində mənzil almaq üçün internet vasitəsilə axtarışlara başladığını, saytlardan birində Ülfət Məmmədov adlı şəxsin 3-cü mikrorayon dairəsi yaxınlığında ikiotaqlı mənzil satmasını aşkar edib. Mənzilin satışına dair şərtlər onu qane etdiyindən Ülfətə zəng vurub, müştəri olduğunu və elandakı mənzili almaq istədiyini deyib. Özünü vəzifəli şəxs kimi təqdim edən Ü.Məmmədov Almaniyaya köçdüyünü, dayısının Nəsimi rayonu, A.Mustafayev küçəsi, 17 «A» saylı binadakı 2 otaqlı mənzilini münasib qiymətə satmağı ona həvalə etdiyini deyib: «Mənzilə baxmağı təklif etdi. Biz də Ülfətlə görüşüb onun satacağı mənzilə getdik. Ülfət mənzili 55 min manata satacağını dedi. Pulun ödənilməsi şərtlərinə gəlincə, ilkin ödəniş üçün 15 min manat, daha sonrasa 8 il müddətinə hər ay 420 manat verməli idim. Görüş zamanı Ülfət dedi ki, mənzil girovdadır, banka 10 min manat borcu var. İlkin ödəniş üçün 10 min manat istədi. Biz də razılaşdıq. Yığdığım, borc aldığım pulları bir yerə toplayıb, həyat yoldaşım Şakir, qardaşım Çingiz və anam Şəhrəbanı ilə birlikdə Ülfətdən alacağım mənzili alqı-satqı etmək üçün notariusa getdik».
«Ona inanıb borc müqaviləsi imzaladım»
Ən maraqlısı odur ki, Ü.Məmmədov onları alqı-satqı müqaviləsi imzalamaq adıyla notariusa aparıb. Amma orada mənzilin girovda olmasını əsas gətirərək, alqı-satqı müqaviləsi deyil, borc müqaviləsi bağlayacağını bildirib: «Dedi ki, mənzili girovdan çıxardıqdan sonra alqı-satqı müqaviləsi imzalanacaq. Mən də inandım. İlkin ödəniş üçün gətirdiyim pulu ona verib borc müqaviləsini imzaladım. Oktyabr ayının sonunda Ülfətlə görüşdükdə sənədlərin hazır olduğunu, bu işin tezləşdirilməsi üçün 400 manat pul lazım olduğunu dedi. Həmin pulu Ülfətə verəndən sonra dedi ki, saat 16:00-da Binəqədidəki 32 saylı notariusun qarşısında görüşək. Amma bundan sonra bir daha Ülfətin üzünü görmədik».
Məhkəmənin hökmü ilə Ülfət Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.