Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, Tillersonun ABŞ-ın ən yüksək diplomatik vəzifəsinə gətirilməsi bundan əvvəl də ziddiyyətlərə səbəb olmuş, onun Rusiya prezidenti Vladimir Putinlə sıx bağları Amerika siyasətçiləri arasında çoxsaylı suallar doğurmuşdu.
Reks Tillerson ExxonMobil şirkətinin icraçı direktoru kimi 2013-cü ildə Vladimir Putin tərəfindən Rusiyanın Dostluq ordeni ilə təltif edilib.
«The Guardian» yazır ki, sızdırılmış sənədlərdən söhbətin «Exxon Neftegas» müştərək şirkətinin «Saxalin-1» layihəsindən getdiyi aydın olur. Bu da xüsusilə vurğulanır ki, bu şirkət 10 min kilometr məsafədə olan Baham adalalarında, başqa sözlərlə ofşor ərazidə yerləşir.
Baham adalarında yerləşən bu məxfi şirkətə aid sənədlər Almaniyanın «Süddeutsche Zeitung», Britaniyanın «The Guardian» və Vaşinqtonda mənzillənmiş Beynəlxalq Təhqiqiat Jurnalistikası konsorsiumu arasında paylaşılıb.
«Exxon Neftegas» şirkətinə aid 25 ofşor sənəd faş olub. Bu şirkəti 1998-ci ildə Nassaudakı Higgs & Johnson hüquq firması qeydiyyatdan keçirib. Şirkətin sənədləri onun katibi Sofiya Kişinyovskaya tərəfindən imzalanıb.
Qərb mediası bildirir ki, biznes maraqlarına görə Reks Tillersonun namizədliyinin Senatda təsdiq olunması əvvəldən də qəliz məsələ kimi görünürdü, lakin son məlumatlardan sonra vəziyyət daha da mürəkkəbləşə bilər.
Hazırda Senatın xarici əlaqələr komitəsində 10 respublikaçı və 9 demokrat var, lakin komitənin senator Con Makkeyn də daxil bir neçə üzvü Tillersonun təyinatı ilə bağlı narahatlıq ifadə edib.
Yeri gəlmişkən, partiyanın praymeriz seçkilərində Trampın məğlub etdiyi senator Marko Rubio da sözü gedən komitənin üzvüdür.