Fikrimizcə, sənəd layihəsində müəyyənləşdirilmiş vaxt çərçivəsi və faiz dərəcələri mikro maliyyə imkanları, müəssisələrin iqtisadi durumu, eləcə də borclu vergi ödəyiciləri üzrə risk qrupları nəzərə alınmadan hazırlanıb, yeni iqtisadi gerçəkliyin tələblərini və borcların differensiallaşmasını imkanlarını özündə əks etdirmir. Odur ki, bu yanaşma xüsusilə də iri məbləğli şübhəli və ümidsiz borcların geri qaytarılmasında səmərə verməyəcək. Amma istənilən halda bu qərarı iqtisadiyyatın liberallaşdırması istiqamətində addım kimi qiymətləndirirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Məclisinin bu ilin yanvar ayının 31-də qəbul edib, hökumətə təqdim etdiyi «İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi»nin «Vergi-tarif və fiskal islahatlar» bölməsinin 4.1.-ci maddəsində vergi cərimələri hesablanan vergi ödəyicilərinin əlavə yüklərinin azaldılması vergi amnistiyasının verilməsi təklif olunurdu. Hesab edirəm ki, daha düzgün yanaşma ümumi vergi amnistiyası yolu ilə müxtəlif borc öhdəliklərinə fərqli və differensial yanaşmanın özündə əks etdirən bəzi borcların sıfırlanması, digərlərinin isə mərhələli silinməsi olardı. Eyni zamanda amnistiya üçün ayırmış 3 aylıq müddət çərçivəsi də adekvat hesab edilə bilməz. Çünki, iqtisadi böhran şəraitində maliyyə resursların səfərbər edilməsi üçün daha çox zaman tələb olunur.