- Dekabrın 19-da axşam Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Bu cinayətin arxasında kimin durduğunu artıq təxmin etmək olarmı?
- Hazırda versiyalar bir neçədir. Birincisi, Ankara meri bildirib ki, çox güman ki, qatil ən məşhur türk islam vaizlərindən biri Fətulla Gülənin terrorçu təşkilatına mənsubdur. Əslində, Gülən həmişə xeyirxah işləri – məsələn, bütün dinlərə tolerantlığı təbliğ edib. O, dünyanı çox gəzib, müxtəlif dini liderlərlə görüşüb və indiki Türkiyə hökuməti, xüsusən də Ərdoğanla olduqca dost idi. Amma 2013-cü ildə aralarında böyük bir münaqişə yaranıb və bununla başa çatıb ki, Güləni və təşkilatını bu ilin yayında baş vermiş çevrilişin hazırlanması və həyata keçirilməsində ittiham ediblər. Buna görə də qətiyyən təəccüblənmədim ki, Türkiyə KİV-lərində Rusiya səfirinin qətlində məhz onun ittiham edildiyi barədə dərhal məlumat yayılmağa başlayıb.
- Fikrinizcə, bu ittihamlar əsaslıdır?
- Mən bu versiyanı ciddi şübhəyə məruz qoyardım. İndi praktik olaraq hər şeyi Gülən və onun strukturlarının boynuna yıxırlar. Onlar 1937-ci il Stalin repressiyaların gedişindəki Trotski-Buxarin bloku kimidir. Ancaq digər tərəfdən bu versiya üçün də müəyyən əsaslar var. Gülən tərəfdarlarının polislə çox güclü əlaqələri olması bunun xeyrinə danışır. Türkiyə KİV-lərində də səsləndirilən ikinci versiya bundan ibarətdir ki, atəş açan «Cəbhət ən-Nusra» tərəfdarı imiş. Xəbər verilir ki, o, ən-Nusranın himnini oxuyub, həmçinin vəhhabilərin Allahın tək olduğunu rəmzləşdirən yuxarı qaldırılmış tək barmaq kimi məşhur jestini işlədib, yəni ehtimal ki, o, Suriyadakı müxtəlif terrorçu hərəkatların tərəfdarı imiş.
Mən daha bir versiyanı səsləndirməyə bilmərəm. Həm hazırda Suriyada, həm də Rusiya-Türkiyə münasibətlərində baş verənlər ABŞ-ın Yaxın Şərq planları üçün ciddi təhlükə təşkil edir. Rusiya, İran və Türkiyə faktiki olaraq Suriya üzrə sazişə gəlir. Bu məsələ üzrə iki böyük görüş planlaşdırılır. Bunun biri artıq bu gün bu üç ölkənin xarici işlər və müdafiə nazirləri arasında Moskvada baş tutmalıdır. Astanada isə tezliklə Rusiya, İran və Türkiyə liderləri arasında böyük görüş olmalıdır. Önəmlidir ki, bütün bunlar Qətər, Səudiyyə Ərəbistanı, AB və ABŞ-ın iştirakı olmadan keçirilir.
Mən çoxdan yazmışam ki, Suriya böhranının yeganə nizamlanma yolu məhz Türkiyə, İran və Rusiya – Suriya böhranına cəlb olunmuş əsas dövlətlərin arasında üçtərəfli saziş olacaq. Bu cür saziş öz məqsədləri olanlar üçün əsla qəbuledilməzdir. Və tamamilə mümkündür ki, bu faciə ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına reaksiya idi.
- Hələlik hansısa versiyanı əsas götürmək çətindir?
- Əlbəttə, bütün bunlar hələlik təxminlərdir. Mən daha çox ikinci versiyaya meyllənirəm. Hazırda Türkiyədə Suriyadakı yaraqlılara dəstək verən güclər Hələbə görə Rusiya-Türkiyə yaxınlaşmasından olduqca narahatdır. Bundan başqa, Türkiyənin Suriya üzrə müttəfiqlərini – Səudiyyə Ərəbistanı və Qətəri Hələb üzrə qərar qəbul edilməsi prosesindən, demək olar, tamamilə çıxdaş ediblər. Bu onlar üçün son dərəcə böyük məğlubiyyətdir. Tamamilə mümkündür ki, bu qətlin arxasında onların tərəfdarları durur.
- Bu fitnəkarlıq Rusiyanın Türkiyə ilə münasibətlərinə necə təsir edə bilər?
- Ancaq mənfi təsir edə bilər. Səfirin öldürülməsi iki dövlətin münasibətləri üçün həmişə dedikcə ciddi sınaqdır. Yalnız Türkiyə tərəfinin son dərəcə sürətli reaksiyası effekti hansısa şəkildə aradan qaldıra bilər. Türkiyə qatilin və sifarişçilərin əlaqələrini operativ şəkildə üzə çıxartmalı və əlbəttə, təhqiqatın bütün təfərrüatlarını bölüşməlidir.
- Türkiyə hökuməti hər şeyi inadla Gülən təşkilatının üzərinə yıxıb digər versiyalara lazımi diqqət ayırmasa, münasibətlər qəlizləşə bilər?
- Düşünürəm ki, bəli. Bizim diplomatlar Gülənin Türkiyədəki rolunun necə olduğunu, nədə iştirak edə biləcəyini, nədə iştirak edə bilməyəcəyini yaxşı başa düşürlər. Buna görə də bu cinayətin təhqiqatında ən fəal şəkildə iştirak edəcək və bütün beynəlxalq normalara uyğun keçirilməyini izləyəcəklər.
- Ümid var ki, Rusiya və Türkiyə rəhbərlərində dünənki axşama qədər planlaşdırıldığı kimi Suriya üzrə danışıqlar masasının arxasına əyləşmək müdrikliyi kifayət edəcək?
- Mən buna çox ümid edirəm.
- Bu, ölkəmizin tarixində ilk Rusiya səfirinin öldürülməsi deyil. Ən məşhur misal 1829-cu ildə İranda Aleksandr Qriboyedovun qətlə yetirilməsidir. Keçmişdə bu cür hadisələr hansı nəticələr doğurub?
- Bir qayda olaraq, nəticələr iki dövlətin münasibətlərinə çox mənfi təsir edib. Amma indiki halda görürük ki, qatil daha çox liderlərimizin bir-birinə doğru addım atmasına rəğmən hərəkət edib. (Strateq.az)