«Xalq» Bankın əsas binasının sərgi salonu... «Xalq əmanəti» layihəsi çərçivəsində bu salon bir çox rəssam-heykəltəraşların əsərlərinin nümayiş məkanı olub. İndi isə vəziyyət fərqli idi. Sanki hər zaman guruldayan salon indi boynunu çiyinlərinə qısmışdı. Aprel şəhidi- gənc heykəltəraş Samir Kaçayevin əsərləri salonun ruhunu qaramata boyamışdı. Çünki o əsərlərdən hər biri gənc sənətçinin ruhunun natamam qalmış ağrı səsi idi... Onlar tək sənət əsəri deyildi –onlar həm də gələcəyin böyük heykəltəraşının məhv olmuş arzuları haqqında ballada idi. Onlar tək sənət əsəri deyildi- aprel şəhidinin özündən sonra insanlar üçün qoyduğu gizli şifrələr idi. Kim ki, bu şifrələrin dilini bilirdi, o, şəhidin ruhu ilə asanlıqla ünsiyyətə girirdi... Necə ki, sonda şəhidin valideynləri də bu cür etmişdilər. Hamı gedəndən sonra, üç dəfə sərgi salonunu dövr etsələr də, Samirlə dialoqa son qoymaq istəmirdilər...
«Xalq əmanəti» layihəsi çərçivəsində gələcəyin böyük heykəltəraşı ola biləcək şəhidin məhv olmuş arzuları, özündən sonra insanlar üçün qoyduğu gizli şifrələri-yəni, ona aid olan sənət əsərləri bir albom halında cəmlənmişdi... Ağrıları bir yerə yığmaq həqiqətən də çətinmiş...
Biz də Vaxt.az olaraq, oradayıq. İzləyirik, gözümüz divardan insanların üzünə sürüşür. Layihəyə məsul şəxslərin üzərində dayanır. Həə, doğrudan da, ağrıları bir araya cəm etmək çətin imiş... Adətən hər zaman nikbin, gülərüz çöhrələri ilə fərqlənən doslarımız bu ağırlığın altından çıxa bilməyiblər hələ...
«Onun əsərlərinə baxanda, onları dərindən analiz edəndə görürük ki, Samir gələcəkdə Azərbaycanın böyük heykəltəraşlarından biri olacaqdı. Kənd mühitindən çıxmışdı, kəndin, təbiətin bütün koloritini dərindən mənimsəyib onu fərqli yöndən sənət əsərinə çevirə bilirdi».
Divarlardakı Samir Kaçayev dünyasından ayrılıb akademik Rafael Hüseynovun sözlərinə diqqət edirik. Bayaq şifrələr demişdik, alimin sözləri sanki bu şifrələri açmaqda bizlərə kömək edir. Rəssamlıq Akademiyasının tələbələri diqqətlə ona qulaq asır, sanki vaxtında tanıya bilmədikləri dostları ilə bu sözlərin vasitəsilə yenidən tanış olmaq istəyirdilər...
Amma tək onlar deyildi ki... Elə Samirin atası Ziyatin kişi də oğlu ilə burada daha yaxından tanış olmaq istəyirdi... Qəribə mənzərədir... Ata böyüdüb, boya-başa çatdırdığı övladı ilə beləcə daha yaxından tanış olur. Özü də etirafını gecikdirmir, deyir ki, kaş bir dəfə də olsun, onun emalatxanasına gedər, gördüyü işlərə baxmaq istəyərdim. Buna çox peşmanam... Ziyatin kişi heç vaxt oğlu Samirdən SAMİR KAÇAYEVƏ keçə bilmədiyi üçün təəssüflənirdi. İşə bax ki, burada da ancaq SAMİR KAÇAYEVDƏN danışırdılar... Bir ruh kimi divardakı əsərlərdən, albomdakı ağrılardan boylanan SAMİR KAÇAYEVDƏN....
Kasıb ailənin övladı olub. 1994-cü il, mart ayının 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olan Samirin kiçik yaşlarından sənətə böyük marağı olub. O zamandan rəsm çəkməyi, heykəl düzəltməyi çox sevirmiş. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. Bakıda oxuduğu müddətdə kiçik bir evdə bibisi ilə birgə yaşayır. Bibisi indi də o evdə yaşayır, onun xatirələrini dağıtmamaq üçün...
Sərgi salonundakı kövrək səs yenidən biz ruhlar dünyasındakı reportajdan ayırır. Ömər Eldarovun səsidir. Samirin oxuduğu akademiyanın rektoru, böyük heykəltəraş... Kövrəlir, Kaçayevi akademiyanın dəhlizlərindən, emalatxanalarından kənarda təsvir edə bilmir. Amma qəfildən bu təsvirləri aprel ayında atılan bir güllə darmadağın edir... Beləcə, Eldarov «güllə ağrısı» ilə Kaçayevdən bəhs edir... Sənət müstəvisindən çıxış edərək, gənc yaşında əldə etdiyi nailiyyətlərdən danışır...
Daha sonra aprel şəhidinin müəllimi Akif Əsgərov da söz alır. Danışır təbii ki... amma məncə, bu danışmaq deyildi, kədərlə mübarizə idi. Bu mübarizənin sonucunda meydana çıxan sözlər salona yayılır: «Biz həm də dost idik... Tələbələrlə oturardıq. Samir əsərlərini, işlərini hər zaman...»
Döyüşün sonunda nəfəsi kəsilən güləşçini təsvir edin. Akif müəllim də Ağrı ilə vuruşmadan sonra o halda idi...
Divardan isə Samir Kaçayev boylanırdı, «Xalq əmanəti»nin hazırladığı albomdan isə onun ağrıları...