Ortada isə sadəcə versiyalar, mülahizələr var. Aydın olan isə, qətli törədən şəxsin dini terrorçu qruplaşma olan «Əl-Nusra»nın üzvü olmasıdır. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, səfir Ankarada qətlə yetirildikdən bir neçə saat sonra Berlində yük maşını yarmarkaya çırpılaraq 10-dan çox insanın ölümünə səbəb oldu. Hadisəni isə İŞİD terror qruplaşması öz üzərinə götürdü. Bu iki hadisəni biri-birinə bağlayan amilin adı isə terrordur.
«Şərq»in «Gündəm saatı»na dünya gündəmini zəbt edən hər iki hadisə ilə bağlı danışan siyasi icmalçı Tofiq Abbasov əvvəlcə terrorçuların məskəninə, Suriya böhranına toxunub...
- Terrorizm məsələsində, terrorla mücadilə apardığını deyən iki koalisiya - Qərb və Şərq koalisiyası var. Qərb koalisiyasına ABŞ, Şərq koalisiyasına isə Rusiya başçılıq edir. Şərq koalisiyası ötən ilin yayında prosesə qoşulanda, artıq göstərdi ki, verdiyi vədlər artıq əməllərə çevrilir, konkret nəticələr verir. Qərb koalisiyasının baxmayaraq ki, ətrafında çoxlu müttəfiqləri vardı, astagəllikləri baxımından terror şəbəkəsi Suriya, İraq, Türkiyə kimi dövlətlərin ərazisində böyük manevr məkanı əldə etdi. Şərq koalisiyası meydana çıxan kimi, Moskva ilə Vaşinqton arasında münasibətlər gərginləşməyə başladı. Ümumiyyətlə, Qərb Rusiyanın proseslərə qoşulmasını istəmirdi. Amma Kreml bildirdi ki, Amerika istəsə də, istəməsə də, Rusiya prosesə qoşulmalıdır. Çünki bu terror şəbəkəsi Rusiyanı da təhdid edəcək. Rusiya terrorçuların ölkəyə gəlmədən, onu yerindəcə məhv etmək xəttini seçdi. Rusiyanın aerokosmik qüvvələri demək olar ki, İŞİD-in infrastrukturunu alt-üst edə bildi. Burda bəlli oldu ki, koalisiyaların məqsədləri ayrıdır. Qərb koalisiyası, hansı ki, Türkiyə orda yer alırdı, Bəşər Əsədin hakimiyyətdən getməsində israrlı idi. Amma Rusiya deyir, əksinə, Əsəd hakimiyyətdə qalmalıdır, orda daha çox təhlükə kəsb edən İŞİD-dir. Moskva açıq şəkildə dedi ki, o təhlükəli qüvvənin də maliyyəsi, silahı, ərzağı, demək olar ki, Qərb tərəfindən təmin olunur. Bu yaxınlarda, Rusiya İran birləşib Hələb şəhərini terrorçu ekstremistlərdən təmizlədikdən sonra, bəlli oldu ki, qalib kimdir, məğlub kimdir. Türkiyə də məğlubların tərəfində olduğuna görə, demək olar ki, Suriya ilə bağlı təsir gücünü itirdi. İndi Rusiya səfirinin Ankarada güllələnərək qətlə yetirilməsi, Türkiyəyə və Rusiyaya mesaj idi. Rəsmi Ankara və Kremlə bununla bildirildi ki, mövcud reallıqları nəzərə alıb, yaxınlaşırsız ki, bu da bizim işimizə yaramır. Xüsusən də Türkiyəyə xəbərdarlıq ünvanlandı. Gücləri də səfirin qətlinə yetdi.
- Yəni deyirsiz ki, Şərq koalisiyasının Suriyada üstünlük qazanmasını Qərb koalisiyası həzm edə bilmədi. Nəticədə də, səfirin qətlini gerçəkləşdirdilər. Dolayısı ilə Karlovun qətlinin sifarişinin ABŞ tərəfindən gəldiyini iddia edirsiz...
- Bilirsiz, qətllə bağlı Qərbin adı hallandırılır. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi səfirin qətlinə münasibət bildirdi. O dedi ki, Karlovun öldürülməsində bizim adımız hallandırılsa da, ABŞ-ın məsələyə heç bir dəxli yoxdur. Ola bilsin ki, doğrudan da qətlin izi okeanın o tayına aparır. Amma terror şəbəkəsi ilə bağlı elə bir qəliz konfiqurasiyalar qurulub ki, məsələni dəqiqliklə çözmək çox çətindir. Dövlət Departamentinin reaksiyası ondan xəbər verir ki, səfirin qətli məsələsi ciddidir.
- Belə versiyalar da var ki, səfirin qətlindən hansı güc karlı çıxırsa, deməli, bu işdə maraqlı tərəf kimi qiymətləndirilə bilər. Mülahizələrə görə, Rusiyanın özünün kəşfiyyatı da, qətliamı hazırlaya bilər. O baxımdan ki, Moskva səfirin ölümü ilə, bölgənin güc sahibi Türkiyəni öz tərəfinə daha çox çəkmiş oldu...
- Düzdü, kulislərdə bu cür yanaşma var. Amma mən inanmıram ki, bu qətl Kremlin istəyi ilə həyata keçirilib. Ümumiyyətlə, bu, arqument olaraq o qədər də ciddi xarakter daşımır. Rusiya nəyə görə öz diplomatını öldürtdürməlidir? Bununla nə əldə edə bilərdi? Türkiyə ilə yaxınlaşma? Onsuz da təyyarə olayından sonra Türkiyə ilə münasibətlər istiləşib. Digər yandan Türkiyə də anladı ki, onun maraqları bir çox məsələlərdə Rusiyanın maraq və mövqeləri ilə üst-üstə düşür. Elə Suriya böhranında mövqelər eynidir. Bir Bəşər Əsədin hakimiyyətdən getməsində Moskva ilə Ankara arasında narazılıqdan başqa, hər şey iki dövlətin yanaşmalarına uyğundur. Düzdü, siyasətdə hər şey mümkündür. Amma mən inanmıram ki, səfirin öldürülməsi Kremlin plan və məqsədi ilə həyata keçirilib. Əgər doğrudan da, Moskva bu addıma gedibsə, o zaman qətli faktlarla üzə çıxarmaq, təsdiqləmək çətin olar.
- Diplomatın qətlindən sonra Rusiyanın sərt reaksiyası gözlənilirdi. Amma tam tərsinə, Kremldən soyuqqanlı açıqlamalar gəldi. Rusiyanın bu cür səbir nümayişinin arxasında nə dayanır?
- Səfir artıq qətlə yetirilib. Bu halda Rusiya neyləməlidir? İndi hadisə ilə bağlı Rusiya da, Türkiyə də təhqiqat aparır. Qərb də, hüquqi yardıma hazır olduğunu açıqladı. Səfir artıq ölübsə, bunun təhqiqatını aparmaq lazımdır. Eyni zamanda vəziyyətdən çıxmaq lazımdır ki, yenidən Türkiyə ilə Rusiya arasında böhran yaşanmasın. İlk baxışdan gözlənilən bu idi ki, Rusiya zərərçəkmiş tərəf kimi, soyuqqanlılığını saxlasın. Burada hay-həşir salmaq, müxtəlif kampaniyalar aparmaq Moskvaya heç bir xeyir gətirməzdi. Rusiya dünyada özünü fövqəl güc kimi təqdim edir. Məsələyə də bu cür soyuqqanlı münasibəti Kremlə əlavə divident gətirdi. Hay-həşir, əksinə, Rusiyanın cılızlığını göstərərdi.
- Fikirlər var ki, ard-arda terror hadisələrinin baş verməsi, sonra da paytaxtında dünya gücü olan bir dövlətin səfirinin qətlə yetirilməsi, Türkiyə üçün arzuolunmaz ssenarilərin olduğunu ortaya çıxardı. İddia olunur ki, bu cür böhranlı vəziyyət Türkiyədə davam edəcək, tanınmış şəxslərə qarşı bundan sonra sui-qəsdlər mümkündür, terraktlar baş verə bilər. Bu iddia ilə razısızmı?
- Son hadisələr göstərir ki, Türkiyə çox riskli proseslərlə üz-üzə qalmış məmləkətdir. Faktiki olaraq qardaş ölkə cəbhəyanı dövlətə çevrilib. Cənub qonşularında, İraq və Suriyada arzuolunmaz və təhlükəli proseslər cərəyan edir, ölkələr parçalanıb, vətəndaş müharibəsi alovlanıb, terrorçu qruplaşmalar at oynadırlar. Bunlar Türkiyənin sərhədlərində olduğu üçün, daxilinə də sızır. Bu mənada Türkiyədə vəziyyət çox kövrəkdir. Bir yandan daxildəki PKK problemi var ki, gündə bir terror törədirlər. Digər yandan sərhədlərində olan və daxilinə kimi sızan «Əl-Nusra», İŞİD və digər ekstremist qruplaşmalar Ankaranı təzyiqdə saxlayırlar. Çox təəssüf ki, Türkiyə hakimiyyəti bu problemlərə əvvəl göz yumdular. Ərdoğan düşünürdü ki, bundan hardasa faydalanmaq da olar. Amma çox yanlış siyasət idi ki, indi bunun acı nəticələrinin şahidiyik. İndi Ərdoğan açıqlayır ki, terrorun kökünü kəsəcəklər. Amma bu elə də asan məsələ deyil. Sadəcə, Türkiyə hakim dairələri əməli tədbirlər görməlidir və ayıq-sayıqlığı qorumalıdır.
- Karlov Ankarada qətlə yetiriləndən bir neçə saat sonra Almaniyanın mərkəzində, Berlində bir yük maşını yarmarkaya çırpıldı, 12 nəfər öldü, 43 nəfər yaralı var. Əvvəl bu sıradan bir qəza sayılsa da, sonradan terror olduğu üzə çıxdı. Belə ki, hadisəni İŞİD qruplaşması üzərinə götürdü. Terror təkcə Yaxın Şərqdə deyil, artıq Avropada da kök salıb söyləmək olarmı?
- Məsələ bundadır ki, terror təşkilatlarının yaradıcıları Qərb dünyasının fövqəl qüvvələridir. Həmin qüvvələrə də havadarlıq edən Yaxın Şərqdəki bəzi dövlətlərdir. Bu ekstremist təşkilatları hansı qüvvələrin, dövlətlərin maliyyələşdirdiyi bəllidir. Bu gün Yaxın Şərqi qan gölünə çevirən terrorçuları silahla təmin edən, onlara silah bağışlayan, maliyyə buraxan qüvvələr var ki, bunlar tanınırlar. Terror təşkilatlarının nəyə görə yaradıldığına nəzər salmaq lazımdır. İdeya nə idi? Yaxın Şərqi darmadağın etmək məqsədi ilə ekstremist təşkilatlar, qruplaşmalar yaradıldı. Bu gün Yaxın Şərqə baxın. Liviya dağıldı, Suriya yerlə-yeksan edildi, İraqın altı üstünə çevrildi. Misirdə, Tunisdə dəhşətli vəziyyət hökm sürməkdədir. Məqsəd də odur ki, Yaxın Şərq regionunun xəritəsi yenidən cızılsın. Orda mövcud olan dövlətləri parçalayıb, ərazilərində azı 3 dövlət yaratmaq niyyəti var ki, bunun da biri xristian dövləti olsun. Vaxtilə Balkanlarda baş verənlərə baxaq. Kosovanı Serbiyadan ayıraraq ayrıca bir dövlətin yaradılmasının əks-sədasını biz Yaxın Şərqdə görürük. İndi proseslər elə məcradadır ki, bu qan-qadanı hazırlayanların, layihənin memarlarının özünə də mənfi təsirlər edir. Bəzən hər şey plana uyğun olmur. Belə bir məsəl var ki, «əgər şir sizin düşməninizi yeyibsə, o demək deyil ki, şir doydu. Sabah o sizin özünüzü də yeyə bilər». İndi terror qruplaşmaları, onları yaradan qüvvələrin özü üçün də başağrısına çevrilib.