Diqqət yenə də Fətullah Gülənin üzərində çəmləşib. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan səfiri öldürən polisin məhz Gülən şəbəkəsinə aid olduğunu bildirib. Belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki, Güləni mühafizə edən Amerikadır. Ancaq ABŞ-dakı dairələrin bu qətllə əlaqəli olması versiyası inandırıcı deyil.
Səfirin öldürülməsi təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə mənfi təsir etmədi, tam əksinə Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki, hazırki geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər.
Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD,İŞİD, Gülən şəbəkəsi – bunların hamısı Türkiyəni hədəf alıb. Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, İŞİD-ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar.
Rusiya səfirinin qətlindən sonra İŞİD bir neçə ölkədə, o cümlədən Rusiyanın Azərbaycandakı səfirliyini hədəf aldığını açıqladı. İŞİD-in bu «apşırığı» yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir. Ancaq İŞİD-in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırığı yerinə yetirməyi arzulayan şəxs və ya şəxslər də tapıla bilər. Fransa və Almaniyadakı baş verən son terror aksiyaları da bundan xəbər verir. Bir sıra hallarda terror aksiyalarını planlaşdıran şəxs və şəxslər nə Suriya və İraqda olub, nə İŞİD-lə birbaşa əlaqəsi var, təşkilata olan rəğbət hissi və «yuxarından verilmiş əmr» onu və ya onları cinayətə sürükləyir. Belələrinin bu haqda düşünməyə başlamaları belə qorxunca terror planının hərəkətə gətirilməsi deməkdir. İŞİD də məhz uzaq məsafələrdə beyinlərdə cızılan planlara arxayındır. Bunu biz də nəzərə almalıyıq.
Birincisi, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin haradan gələ biləcəyini müəyyənləşdirmək lazımdır.
İkincisi, əhalinin diqqətli olmasıdır, vətəndaşlar şübhə doğuran hallar haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.
Üçüncüsü, keçmiş illərdə Azərbaycan vətəndaşlarının Suriya və İraqda savaşa yollanması səbəbləri diqqətlə araşdırmalıdır.
Müxtəlif ölkələrdə fərqli qruplar var ki, onlar dünyəvi Azərbaycanın daxili və xarici siyasətindən narazıdırlar və Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər. Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların dəstəkçilərinin xoşuna gəlmədi. Ona görə də mümkün narazı qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırması məsələsi aktuallaşır.