Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, yeni qanun Rusiya ilə hərbi əməkdaşlığın məhdudlaşdırılmasını, «Maqnitski qanunu»na qlobal status qazandırır və Suriya müxalifətinə (Azad Suriya Ordusu - ASO) silah yardımını nəzərdə tutur.
Sənədə görə, Rusiya «Ukrayna ərazilərinin işğalına, həmçinin Ukrayna və digər NATO ölkələrinin suverenliyinə təhdid yaradan addımlara son qoymayınca» Moskva ilə hərbi əməkdaşlığa vəsait ayrılması qadağan olunur.
Bundan başqa, Rusiyanın Krım üzərində suverenliyinin tanınmasına xidmət edə biləcək hər hansı addımın maliyyələşdirilməsi qadağan olunub. Bu məsələdə yalnız ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məqam istisna olunur.
Yeni qanunda «Rusiyanın cilovlanması» məqsədilə 4,3 milyard dollar ayrılması nəzərdə tutulur. Bu vəsait «siyasi, iqtisadi və ictimai diplomatiyaya», həmçinin ABŞ-ın NATO-dakı müttəfiqlərinin, Avropa və Asiyadakı tərəfdaşlarının dəstəklənməsinə sərf olunacaq.
Müdafiə xərcləri haqqında yeni qanun ABŞ prezidentinə imkan verir ki, rəsmi Vaşinqtonun korrupsiya və insan haqları pozuntusunda günahkar bildiyi şəxslərə sanksiya tətbiq etsin. Bu cür sanksiyalara ABŞ-ın yurisdiksiyasında olan əmlak və aktivlərin bloklanması daxildir.