Vaxt.Az

Klounlar da vergi ödəyəcək


 

Aşpaz, dayə, pinəçi, tamadalar da...

Klounlar da vergi ödəyəcək Yeni vergi ödəyiciləri ilə tanış olun: pinəçi, çəkməçi, dayə, təmizlik işinə baxan, tədbirlərdə tamadalıq və şənliklərdə klounluq edənlər və s..

Gələn ildən hər ay büdcəyə çəkməçilər 5 manat, bağbanlar 10 manat, nəqqaşçılar 20 manat, məzhəkəçilər 30 manat vergi ödəməlidirlər.

Dekabrın 16-da Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 2 gün əvvəl bundan əvvəl dərc edildi. Vergi Məcəlləsində çoxsaylı dəyişiklikləri nəzərdə tutan Qanunda bır sıra yeni vergi mükəlləfiyyətləri də müəyyənləşdirilib. Belə ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi məbləğləri müəyyən edilib.

Gələn ildən başlayaraq, hər ay sabit məbləğ olaraq çəkməçilər, pinəçilər 5 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işləri yerinə yetirənlər 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətləri zamanı 30 manat, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlər 30 manat ödəyəcəklər. 

Bununla əlaqədar olaraq, üç məqama toxunmaq istərdim. Birincisi, vergi agentləri üçün yeni vergi mükəlləfiyyəti müəyyən edilən sahələrdə çalışanların əksəriyyətinı müəyyənləşdirmək o qədər də asan iş olmayacaq. Çünki, çəkməçi, pinəçi, saatsazın fəaliyyət yeri bəlli olsa, xüsusilə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ailələrdə təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işləri yerinə yetirənləri fəaliyyət məkanı qapalıdır. İkincisi, uzun müddət vergiyə cəlb edilmədən işləyən yuxarıda sadalanan kateqoriyalı az gəlirli fəaliyyətlə məşğul olub, yalnız minimal yaşayış xərclərini ödəmək üçün qazananların iqtisadi böhranla əlaqədar olaraq sifarişlərinin azaldığı zamanda hətta aşağı məbləğlər də olsa belə vergiyə cəlb edilməsi sosial baxımdan ədalətsizlik yanaşma sayıla bilər. Üçüncüsü, bu dəyişiklik bir daha göstərir ki, hökumətin növbəti ildən dövlət büdcəsinin mədaxil hissəsinin formalaşdırılmasında ciddi narahatçılığı vardır, yenə də böhranın xərcini az gəlirli şəxslərin üzərinə qoyulacaq. Halbuki oliqarx-məmurların nəzarətində olan holdinqlərin və böyük şirkətlərin vergi öhdəliklərinin tam və vaxtında icrası hesabına bu problemi həll etmək mümkündür.

 





25.12.2016    çap et  çap et