Vaxt.Az

Çoxlarını əldən salan xəstəlik qrip deyilmiş


 

Adil Qeybulla deyir ki, bu, yuxarı tənəffüs yollarında parazitlik edən infeksiyadır

Çoxlarını əldən salan xəstəlik qrip deyilmiş Deyirlər ki, ilk qar yağandan sonra havada olan viruslar ölür, xəstəliklərin sayı azalır. Bu il isə qış gəlməmişdən qabaq iki dəfə qar yağmasına baxmayaraq, son günlər insanlar arasında qripəbənzər əlamətlərlə müşahidə olunan xəstəliklər geniş yayılıb. Ətrafımızda olanların bir çoxu şiddətli öskürək, iştahasızlıq, yüksək temperatur və ürəkbulanmadan əziyyət çəkir. Bir çoxlarının isə vəziyyəti daha gərgindir. Azyaşlı uşaqlar və böyüklər arasında geniş yayılan bu xəstəliyin nə olduğu isə hələ ki tam məlum deyil. Həkimlər qrip əlamətlərinə bənzəyən bu xəstəliyin qrip olmadığını deyirlər. Bəs görəsən bu xəstəliyin əsl mahiyyəti nədir? Onunla necə mübarizə aparmalıyıq?

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev APA-ya deyib ki, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür. Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: «Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur».

İ.Ağayev son zamanlar yayılan qripin daha uzun müddət davam etməsi barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, qripin çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır. Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: «Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar. Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır».

Tibb elmləri doktoru, professor Adil Qeybulla «Kaspi»yə açıqlamasında yayılan bu xəstəliklərin qrip olmadığını qeyd etdi: «Bu yuxarı tənəffüs yollarında parazitlik edən infeksiyalardan biridir. Təqribən 15-ə yaxın infeksiya var ki, onlar tənəffüs yollarında parazitlik edirlər. Adi halda mikroblar yuxarı tənəffüs yollarında xəstəlik törətməyən vəziyyətdə qalır. Soyuqdəymə zamanı immun sistemi zəiflədiyinə görə orqanizmdə viruslar, paraviruslar və infeksiyaların fəaliyyəti güclənir və qripəbənzər əlamətlərlə müşahidə olunan xəstəliklər törədir. Bu, əslində kəskin respirator xəstəlikdir. Bu xəstəlik yoluxucu olduğuna görə tez bir zamanda geniş bir arealı əhatə edib. Qrip karantin infeksiyasıdır. Qrip olduğu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu haqda raport verir. Hələlik bu haqda heç bir məlumat verilməyib».

A.Qeybulla bəzi məqamlara da diqqət çəkdi: «Xəstəliyin qarşısını almaq üçün insanlar ilk növbədə özünü qorumalıdır. Bundan başqa, ictimai yerlərdə virus əleyhinə xüsusi maska taxılmalıdır. Çünki bu viruslar hava-damcı yolu ilə yayılırlar.  Virusa yoluxanlar mütləq yataq rejiminə keçməli və çoxlu maye qəbul etməlidirlər. Belə xəstələrə mütləq həkim tərəfindən nəzarət edilməlidir. Sağlam insanlarla kontakt isə minimuma endirilməlidir. Belə xəstəliyə biganə yanaşmaq olmaz».

Xəstəliyin uşaqlar arasında da geniş yayıldığını nəzərə alaraq pediatr Vaqif Qarayevlə də danışdıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, soyuq havalarda belə xəstəliklər sürətlə artır: «Səhiyyə Nazirliyi bu barədə araşdırma aparıb, lakin qrip virusu aşkar edilməyib. Əslində qrip tamam başqa xəstəlikdir. Yayılan bu tipli xəstəliklərin hamısına qrip demək olmaz. Son günlər geniş yayılmış bu xəstəliklərin özünün törədicisi var. Hətta bu törədicilərin A, B, C kimi yarımtipləri də mövcuddur. Bu xəstəliyin gedişatı və ağırlığı qripdən tamamilə fərqlidir. Qeyd edim ki, qrip bu virusların içərisində ən ağır olanıdır. Vaxtilə qrip virusundan milyonlarla insan epidemioloji şəkildə dünyasını dəyişib».

Pediatr qeyd etdi ki, hələlik xəstəlik azyaşlı uşaqlar arasında bir o qədər də geniş yayılmayıb: «Bağça və məktəbyaşlı uşaqlarda isə xəstəliyə daha tez-tez rast gəlinir. Çünki ictimai yerlərdə olan insanlarda xəstəlik sürətlə yayıla bilir. Xəstəliyin bu qədər sürətlə yayılmasının əsas səbəbi xəstə insanların virusu  digərlərinə də keçirməsidir. Əslində virusa yoluxan xəstə insanın kollektivə buraxılması yolverilməzdir. Əks halda, xəstəlik gec sağalır və daha da ağırlaşır. Xəstə uşaqlar və böyüklər təcrid olunmalı və ev şəraitində müalicə almalıdırlar. Hesab edirəm ki, yayılan bu xəstəlik üçün ev şəraitində müalicə kifayətdir və vacibdir».

Pediatr deyir ki, xəstələrin müalicəsinə ciddi tibbi nəzarət edilməlidir: «Bəzən isə azyaşlılarda xəstəlik qısa bir zamanda geri qayıdır. Bu da xəstəliyə yoluxanların tam sağalmadan, yaxud immuniteti zəif olan uşaqların yenidən kollektivə buraxılması ilə bağlıdır. Adətən belə olduqda onlar daha da  ağırlaşma ilə geri qayıdır. Bununla bağlı hər gün sosial şəbəkələrdə məlumat verilir, yazılar yazılır. Uşaqların olduğu ictimai yerlərdə tibbi personal mütləq olmalıdır. Epidemioloji vəziyyət qənaətbəxş deyilsə, hər gün uşağın temperaturu ölçülməli və yoxlanılmalıdır. Həmçinin məktəblərdə də ciddi şəkildə tibbi nəzarət olmalıdır. Bəzən valideynlər uşaqlarını davamiyyətə görə xəstə halda məktəbə yollayırlar. Lakin uşağın təhsili onun sağlamlığı ilə bir tərəziyə qoyulmamalıdır. Həm tibb personalı, həm də sadə insanlar xəstəliyin yayılmasında məsuliyyət daşıyır. Bəzən hətta böyüklər də xəstə olduqları halda işə gedirlər. Bu isə kollektivin və cəmiyyətin digər üzvlərinin xəstələnməsinə səbəb olur. İnsanların sıx olduğu yerlərdə virusa yoluxmuş xəstələrin olması düzgün deyil. Bu xəstəliyin epidemiya olduğunu deyirlər, lakin epidemiya tamamilə başqa bir şeydir. Hələlik xəstəliyin yayılma arealı geniş olsa da, ağırlaşmalar o qədər də güclü deyil».

 





28.12.2016    çap et  çap et