Vaxt.Az

Suriya üç yerə bölünür


 

Rusiya, Türkiyə və İran arasında

Suriya üç yerə bölünür «Reuters» agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqin üç nüfuzlu dövləti Suriyanı öz maraq dairələrinə bölməyə hazırlaşırlar.

Virtualaz.org beynəlxalq xəbər agentliyinə istinadən xəbər verir ki, sövdələşmənin şərtlərinə görə, Suriya prezidenti Bəşər Əsədə hələ bir neçə il ölkəyə başçılıq etmək imkanı yaradılacaq – növbəti seçki kampaniyasına qədər.

Qeyd olunur ki, ölkənin rəhbərliyinə daha az iddialı şəxs gətirildikdən sonra Əsədə ailəsi ilə birlikdə təhlükəsizlik zəmanəti veriləcək. Həmin məlumata əsasən, hazırkı prezidenti əvəzləyəcək namizədlərin müəyyən edilməsi prosesi artıq başlayıb.

Lakin ölkə daxilində muxtariyyətlərin yaradılması planları hələlik işlənib hazırlanmayıb. Bu təkliflər həm rəsmi Dəməşq, həm də onun əleyhinə vuruşan silahlı müxalifət, ABŞ və Fars körfəzi dövlətləri tərəfindən təsdiqlənməlidir.

«Yekun sazişi əldə etmək çətin olacaq, lakin münaqişə tərəflərinin ilkin mövqelərində xeyli dəyişikliklər var», - bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının baş direktoru Andrey Kortunov deyib.

Elə bu gün Türkiyənin «Anadolu» agentliyi xəbər verib ki, Rusiya və Türkiyə birlikdə Suriya ərazisində geniş atəşkəs planını razılaşdırıblar və həmin plan yaxın vaxtlarda münaqişə tərəflərinə təqdim ediləcək. Mənbələrin bildirdiklərinə görə, atəşkəs dekabrın 29-u gecə yarısı qüvvəyə minəcək və Əsəd qoşunları ilə müxalifətçilər arasında döyüşlərin davam etdiyi ərazilərə şamil olunacaq. Atəşkəsin terror qruplaşmaları ilə mübarizəyə aidiyyəti olmayacaq.

Atəşkəs haqqında saziş işə yarayarsa, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hakimiyyəti və müxalifət münaqişənin sülh yolu ilə nizamlanmasını müzakirə etməyə başlayacaqlar. Güman edildiyinə görə, danışıqlar Qazaxıstanda baş tutacaq.

Kremldə «Anadolu»nun bu xəbərini şərh etməkdən imtina ediblər. «Bu suala cavab vermək üçün kifayət qədər məlumatlı deyiləm», - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

 





28.12.2016    çap et  çap et