Virtualaz.org saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ombudsman institutunun yaradılmasının 15 illiyi münasibəti ilə keçirilən tədbirdə bildirib.
«Beynəlxalq Əmək Təşkilatının məlumatlarına görə, dünya əhalisinin yalnız 30 faizi sosial təminat sistemi ilə əhatə olunub, 70 faiz əhalinin isə bu sistemə qismən çıxışı vardır və ya bu sistemdən tam kənardadır. Azərbaycanda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü ünvanlı sosial yardım alır. Bu insanlara hər ay təqribən 316 milyon manat vəsait ödənilir», - nazir müavini qeyd edib.
Azərbaycan BMT-nin İnkişaf Proqramının «İnsan İnkişafı Hesabatı»nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub: «Hazırda ölkə əhalisinin 40 faizinə, yəni 4 milyon nəfərə yaxın əhali kontingentinə xidmət göstərilir».
İ.İsayev bildirib ki, 2016-cı ilin 15 fevralından 01 dekabr tarixinədək VEMTAS tərəfindən 57,8 min ailəyə avtomatlaşdırılmış şəraitdə sosial yardım təyinatı aparılıb.