Vaxt.Az

Rusiya XİN-dən haqqin.az-a etiraz


 

Redaksiya buna təəccüblənib

Rusiya XİN-dən haqqin.az-a etiraz Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi «haqqın.az» xəbər portalında dərc edilmiş «Посольство России в Баку в «расстрельном списке» ИГИЛ» başlıqlı məqalə ilə bağlı Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinə nota təqdim edib.

Bildirmək istərdik ki, yuxarıda adı çəkilən məqalə ilk olaraq Böyük Britaniyanın «The Sun» qəzetində verilmiş və məqalə «haqqın.az» xəbər portalında bu qəzetə istinad edilməklə yerləşdirilib. İŞİD tərəfindən Rusiya diplomatlarının «ölüm siyahısı»nın yayılması ilə bağlı məlumatlar həmçinin Böyük Britaniyanın www.dailymail.co.uk, www.dailystar.co.uk xəbər saytları, habelə Rusiya Federasiyasının bir çox xəbər saytları, o cümlədən rəsmi hakimiyyətə yaxın www.kremlinrus.ru, www.ria.ru («РИА Новости»), www.ng.ru («Независимая Газета»), www.lenta.ru,www.tsargrad.ru, www.ru.sputnik.az, www.ntv.ru kimi saytlarda da dərc olunub.

İŞİD-in müvafiq siyahısı barədə Rusiya Federasiyasının rəsmiləri tərəfindən də bəyanatlar verilmişdir. Belə ki, Rusiya Federasiyasının Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov Federasiya Şurasının iclasında İŞİD tərəfindən belə bir siyahının hazırlanması barədə məlumat verib, buna görə də Rusiyanın diplomatik nümayəndəliklərinin gücləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda fəaliyyət göstərən və Rusiya hakimiyyətinə yaxın olan www.ru.sputnik.az xəbər saytına müsahibə verərək İŞİD tərəfindən dərc edilmiş siyahıya Rusiya Federasiyasının Bakıdakı səfirliyinin də daxil edilməsinə reaksiya verib, təlaşa düşmədiklərini, diplomatik nümayəndəliklərin həmişə terror hücumları üçün cəlbedici obyekt olduğunu və bu siyahı ilə əlaqədar əlavə tədbirlərə ehtiyac olduğunu bildirib.

Yuxarıdakılar nəzərə alındıqda, xarici mətbuatda, o cümlədən Rusiya KİV-lərində geniş işıqlandırılmış məlumatın «haqqın.az» xəbər portalında yerləşdirilməsinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin kəskin reaksiya verməsi təəccüb doğurur. 

Ehtimal etmək olar ki, bu Nota əslində «haqqın.az» xəbər portalının xüsusilə Bakı Sülh Platforması ilə bağlı fəaliyyətinə reaksiya olaraq Rusiya Federasiyası Xarici İşlər Nazirliyindəki erməni lobbisinin və ya Platformadan narazı olan digər dairələrin səyi nəticəsində verilib.  

Haqqin.az saytının redaksiyası

 





29.12.2016    çap et  çap et