Vaxt.Az

«Sübutları varsa, yaysınlar»


 

Azərbaycan Müdafiə Nazirliyi Ovanisyana cavab verdi

«Sübutları varsa, yaysınlar» Bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün «Facebook» səhifəsində bildirib ki, dekabrın 29-da səhər saatlarında Azərbaycan ordusunun Çinari kəndi istiqamətində «həyata keçirdiyi diversiya həmləsinə» cavab verilib. Ovanisyan iddia edir ki, Ermənistan ordusunun həyata keçirdiyi «qisas əməliyyatı» zamanı Azərbaycan tərəfi 4 nəfər itki verib. Ovanisyan bir gün əvvəl Azərbaycan tərəfinin «7 nəfər itki verdiyini» bir daha iddia edib və bildirib ki, onlarda itkiləri təsdiqləyən «təkzibolunmaz sübutlar» var.

Ermənistan Müdafiə Nazirliyinin bu iddialarına Azərbaycan Müdafiə Nazirliyinin cavab bəyanatı gecikməyib. Nazirlik aşağıdakı bəyanatla çıxış edib:

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb. Əgər erməni tərəfinin «təkzibolunmaz sübutları» varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.

 





30.12.2016    çap et  çap et