Üzrlü hesab edin ki, bayram günlərində bu ilin iqtisadiyyatından gözləntiləri müsbət notlarla təqdim edə bilmirəm. Bunun başlıca səbəbi yola saldığımız il ərzində yetərincə imkanlar və şansların o dəyərləndirilməməsi, tələb olunan qərarların vaxtında verilməməsi və ona görə də problemlərin çoxunun bu ilə aparılmasıdır. Nəticədə hətta rəsmi statistik məlumatlarda da ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yerləri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi. Beləliklə də start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır.
Pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın yeni gerçəkliyin və tələblərinin əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək. İlin birinci yarısı daha ağır olacaq. Bu dövrdə ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki, azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq.
İlin ən böyük problemi işsizlik və inflyasiya olacaq. İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək.
İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq.
2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək. Maliyyə bazarlarına nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisenziyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar.
Fikrimcə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenaridə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər.
2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayınca ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Bunun üçün də iqtisadi sahədə struktur və institutsional, eləcə də dövlət idarəetməsində inzibati və məhkəmə islahatları aparılmalı, milli iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabətin dəstəklənməsi və yerli özünü idarəetmə keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Bu da o deməkdir ki, iqtisadi islahatlar siyasi islahatlarla birlikdə aparılmalıdır.