Babək Çələbiyanı bildirib ki, Murtaza Muradpur aclıq aksiyası ilə azərbaycanlı milli fəalların mübarizəsinə beynəlxalq miqyasda diqqətin yönəltməsinə nail oldu.
İran parlamentində Türk bölgələri fraksiyasının yaradılmasını bu ilin ən mühüm hadisələri arasında göstərilir. Babək Çələbiyanlı bunu önəmli addım adlandırır. «Onlar bizi türk olaraq qəbul etmirlər. Deyirlər ki, sizin etnikiniz türk deyil. Siz fars idiniz, türklər gəlib sizin dilinizi dəyişiblər. Bu türk fraksiyasının yaranması ilə bu yanlış nəzəriyyəyə son qoyulur».
O, fraksiya üzvlərinin azərbaycanlıların tələbləri və istəklərini ifadə edəcəyinə ümidini ifadə edib.
Bu il Təbriz universitetində türk dili bölümünün açılması milli fəallar arasında müzakirələr və mübahisələrə səbəb olan məsələlərdən biridir. Babək Çələbiyanlı bunu müsbət addım hesab etsə də bildirir ki, azərbaycanlıların əsas istəyi ana dilinin ibtidai məktəblərdə tədrisindən ibarətdir.
Onun sözlərinə görə, yeni ildən Zəncan vilayətinin ibtidai məktəblərindən birində ana dilinin tədrisinə icazə verəcəyi gözlənilir. Babək Çələbiyanlı azərbaycanlı milli fəalların bu istiqamətdə fəaliyyətlərini davam etdirdiyini deyib. O, İran həbsxanalarında çox sayda azərbaycanlı milli fəalın olduğunu qeyd edib.
«Keçən 2016-cı ildə baxsaq, gündə olmasa da, həftədə bir fəal İran rejimi tərəfindən haqsız olaraq tutulub... Orada bütün həbslər haqsızdır. Orada bizim insanlarımız sadəcə öz hüquqlarını istəyir və əksəriyyəti də İranın öz ana yasasına dayanaraq, öz hüquqlarını tələb edir, ana dilində təhsil hüququnu tələb edirlər. Məsələn, Urmu gölünü qurtarmaq üçün insanlar çıxırlar aksiya edirlər dinc şəkildə «bizim gölümüzü qurutmayın» deyə. Onları tuturlar, onlar məhkəmələrdə cəza çəkirlər. İndi İranın həbsxanasında bir çox sayda milli fəal var. İnsan haqları qanunlarına baxsaq. İranın öz qanunlarına da əməl etsələr belə onlar indi zindanda olmamalıdır».
Babək Çələbiyanlı İran rejiminin azərbaycanlıların ana dili və Urmiya gölünün quruması kimi tələblərinə həbslərlə cavab verdiyini deyib və bu həbslərlə milli fəallarının susdurlmayacığını əlavə edib.
«İran rejimi bilməlidir ki, haqsız olaraq, Azərbaycan milli fəallarını tutmaqla, döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcək. Biz öz hüququmuzu, haqqımızı tezliklə açacayıq».
O, Murtaza Muradpur kimi gənclərin buna nail olacağına ümid bəslədiyini bildirib.