Nazir bildirib ki, o bu yaxınlarda Xamneyi ilə görüşüb və ondan növbəti prezident seçkilərinin keçirilməsi ilə bağlı tapşırıqlar alıb: «Son günlər ölkə lideri ilə görüşümdə o seçkilərdən danışdı. Ölkənin dini lideri mənə tapşırdı ki, qarşıdan gələn prezident seçkiləri əvvəlki seçkilər kimi sağlam və təhlükəsiz bir şəraitdə, qanuna riayət olunaraq, ölkə əhalisinin əksəriyyətinin iştirakı ilə keçirilməlidir».
Əbdülrza Rəhmani Fəzli, həmçinin ölkənin daxili təhlükəsizliyinin təmin edilməsində ostandarların üzərinə düşən vəzifəsinə də toxunub: «Hazırda ölkəmizdə olan təhlükəsizlik və əmin-amanlıq, bölgə üçün nümunəvidir. Bu baxımdan ölkə yaxşı durumdadır və ona sabitlik hakimdir. Hesab edirəm ki, bütün ostandarlar düzgün tədbirlər görərək bu təhlükəsizliyi qoruyub saxlamalı, onunla bağlı problemləri aradan qaldırmağa çalışmalıdır.
Biz həssas seçkilər mərhələsinə yaxınlaşırıq. Elə buna görə də siyasi qrupların və ya hansısa şəxslərin hər hansı bir bəhanə ilə bu təhlükəsizliyə xələl gətirilməsi qəbuledilməzdir. Şübhə yoxdur ki, bu kimi hərəkətlərin qarşısı alınacaq. Düşünürəm ki, siyasi cərəyanların heç birinin düşünülməmiş addımlar atmağa, bu təhlükəsizliyi pozub ona xələl gətirməyə haqqı yoxdur».
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyununda (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.