Vaxt.Az

Suriyada Türkiyə-Rusiya alyansı güclənir


 

Türk ordusu 3-cü şəhəri İŞİD-dən azad etməyə yaxındır

Suriyada Türkiyə-Rusiya alyansı güclənir «The Guardian» yazır ki, Türkiyə Suriyanın əl-Bab şəhərini İraq-Şam İslam dövlətindən (İŞİD) azad etmək üçün hərbi əməliyyatı tezliklə başa çatdıracağını bildirib.

İstanbul gecə klubuna basqından sonra Suriyanın ən qərbində yerləşən bu şəhərdə İŞİD-in mövqeləri xüsusilə ağır bombardmana məruz qalıb.

Türkiyə rəsmiləri bildirirlər ki, ordu bu əməliyyatda aviasiya və artilleriyadan geniş istifadə edir.

Quru üzərində hücum əməliyyatını Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu aparır.

«The Guardian» yazır ki, İranın dəstəklədiyi qüvvələrin köməyi ilə Hələbi ələ keçirdikdən sonra əl-qolu açılan Rusiya aviasiyası da zərbə hədəfini əl-Bab şəhərinə çevirib.

Azad Suriya Ordusunun döyüşçüləri şəhəri 3-4 günə azad edəcəklərini bildiriblər.

Məqalədə deyilir ki, İŞİD özünün döyüş komandirlərini son həftələrdə Raqqa istiqamətində geri çəkməyə başlayıb və əl-Babı əsasən sıravi cihadçılar müdafiə edirlər.

Bu, belə düşünməyə əsas verir ki, indi İŞİD üçün əl-Babın müdafiəsi yox, Raqqanın və Mosulun əldə saxlanması daha vacibdir.

Bununla belə, əl-Babın süqutu İŞİD-in son iki ildə ən böyük məğlubiyyəti ola bilər. Şəhər qruplaşmanın Suriya və Türkiyə istiqamətindəki hərbi planlaşdırmasında strateji yer tutur.

«The Guardian» yazır ki, İŞİD-in xarici əməliyyatları məhz bu şəhərdə hazırlanır və buna görə də Avropa kəşfiyyatları əl-Baba böyük maraq göstərirlər.

Onların fikrincə İŞİD-in Paris, Brüssel, Nitsa və Berlin basqınları məhz burada hazırlanıb. İstanbul basqınının da buradan planlaşdırıldığı barədə məlumatlar var.

Bundan başqa İŞİD əl-Bab şəhərindən Hələb şəhərinin ətraflarına və Türkiyə sərhədi istiqamətində yerləşən İdlibə təxribatçı qruplar göndərmək üçün istifadə edirdi.

İŞİD-in keçmiş təbliğat rəisi Əbu Məhəmməd əl-Ədnani ötən il ABŞ dronu ilə öldürülməzdən əvvəl bu şəhərdə məskun olmuşdu.

Bu şəhərin ələ keçirilməsi həmçinin Ankara və Moskvaya Suriyada başlıca olaraq İŞİD-ə qarşı döyüşdüklərini söyləmək imkanı verəcək. Buna qədər Rusiya əsasən Əsəd qüvvələrini dəstəkləyir, Türkiyə isə kürd mövqelərinə zərbələr endirirdi.

«The Guardian» yazır ki, indi bu vəziyyət dəyişmiş olacaq. Buna səbəb həm də rəsmi Ankaranın İstanbul gecə klubuna basqından qəzəblənməsi və indi intiqam almaq istəməsidir.

Rusiya da Əsədin düşmənlərini bitirdikdən sonra, indi diqqətini cihadçılara çevirə bilər.

Bundan başqa Rusiya və Türkiyəni ABŞ ambisiyalarına qarşı çıxmaq amalı birləşdirir.

Kürd qüvvələri hazırda Raqqa istiqamətində irəliləyirlər, lakin «The Guardian»ın Vaşinqtondan aldığı məlumata görə onlar yanvarın 20-də Trampın prezidentliyi başlananadək hücuma keçməyəcək.

Əgər əl-Bab ələ keçirilsə, Ərdoğan Suriyada üç şəhəri azad etdiyi ilə öyünmək imkanı qazanacaq. Bundan əvvəl Carablus və Mənbic şəhərləri İŞİD-dən alınıb.

«The Guardian» yazır ki, Donald Tramp çox güman Suriyaya fəal müdaxilə etmək həvəsində olmayacaq. Bu isə o deməkdir ki, əl-Babın alınması ilə Suriyadakı Türkiyə-Rusiya alyansı güclənəcək.

 





05.01.2017    çap et  çap et