20 yaşlı Nura Arkavazi ailəsi ilə birlikdə İraqın Diyala əyalətindən didərgin düşdükdən sonra min bir əziyyətlə 2016-ci ilin martında palçıqlı Makedoniya sərhədinə çatıb.
Burada qızın yüksək hərarəti vardı və ona təcili tibb yardımı lazım idi. Buna görə də onu ingilis dilini bilən sərhədçi zabit Bobi Dodevskiyə həvalə etmişdilər. Və bu, ilk baxışdan qarşılıqlı vurğunluq idi, «The İndependent» yazır.
35 yaşlı cənab Dodevski BBC telekanalına deyib: «Mən çox, çox qızlar görmüşdüm…Amma Nuranın gözlərində məxsusi olan nəsə vardı və mən özümə belə dedim: Axtardığım bu imiş. Nura mənim xanımım olmalıdır!»
Dodevskinin ilk baxışdan vurulmasını onun qadın həmkarı da sezib. O deyirdi ki, Dodevski işləyirdi, amma «başını itirmişdi».
Xanım Arkavazi Qırmızı Xaçda müalicə olunandan sonra ailəsi ilə birlikdə Serbiya sərhədindəki Tabanovtse düşərgəsində idi və Almaniyaya keçməyə çalışırdı.
Onun müvəqqəti olaraq Qırmızı Xaçda işləməyə başlaması cənab Dodevsklinin lap ürəyindən olmuşdu. Onlar vaxt tapan kimi bir araya gəlirdilər.
Nura, Dodevskinin qaçqın uşaqların necə qayğısına qalmasına heyran olmuşdu. Halbuki onun başqa sərhədçi həmkarları çox sərt davranırdılar.
Makedoniya miqrantlara münasibətdə sərt mövqe tutan ölkələrdəndir. Bu ölkənin sərhədində miqrantlara qarşı gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə olunurdu.
Dodevskiyə görə Arkavazi ailəsi belə davranışdan sığortalanmışdı.
Nəhayət aprel ayında Dodevski Nuraya evlənməyi təklif etdi. Bunun zarafat olmadığını bildirmək üçün bu xahişini 10 dəfə təkrar etdi.
Bu gözlənilməz dönüş olmuşdu: Cənab Dodevski pravoslav xristian, Nura isə kürd müsəlman idi.
Amma qız razılığını verdi və iyul ayında onların Kumanovo şəhərində toyları oldu.
Beləcə iraqlı Nura ağlına gəlməyən bir yerdə özünə ev-eşik qurdu.
İndi onlar Dodevskinin əvvəlki evlilikdən üç uşağı ilə birlikdə yaşayırlar.
Bir neçə aydan sonra ailəyə dördüncü uşaq da gələcək.