Vaxt.Az

Tahir Salahovun sərgisi açılıb


 

Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib

Tahir Salahovun sərgisi açılıb Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Tahir Salahovun «Əsrlərin qovşağında» adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib. AzərTAc xəbər verir ki, sərginin açılışından əvvəl xalq rəssamı Tahir Salahov jurnalistlərin suallarını cavablandırıb. Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən xalq rəssamı Heydər Əliyev Mərkəzində sərginin təşkilinin onun üçün böyük şərəf olduğunu bildirib: «Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz.»
Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, «Sənə bəşəriyyət», «Aydan», «Neftçinin portreti», «Alagöz – Şərq əfsanəsi», «Aydan – Şərq ulduzu», «Odlar yurdu» triptixi –»Atəşgah», «Xəzər bu gün», «Qız qalası» və digər məşhur əsərləri də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.
Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.
Sərgi noyabrın 6-dək davam edəcək.
 





01.10.2013    çap et  çap et