Virtualaz.org xəbər verir ki, məqalə müəllifi Vitali Kokorinə görə münaqişə dondurlub, ancaq əbədi olaraq belə davam edə bilməz. Çünki Azərbaycan ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, Ermənistan isə daim bu cür müharibə gözləntisi altında yaşaya bilməz. «İnsan və maddi resurslar baxımından üstünlüyün birmənalı olaraq Azərbaycanın tərəfində olduğu nəzərə alınarsa orta perspektivdə Bakının revanş şansı artır. Digər tərəfdən müharibə və ya sülh məsələsi ancaq İrəvanla Bakıdan asılı olsaydı müharibə iki respublikanı çoxdan məhv etmişdi. Şükür allaha ki, onların hər ikisi Rusiyanın geosiyasi təsir zonasındadır. Bütün bu müddət ərzində Rusiya Qarabağda atəşkəsin başlıca qarantı olub, həm Bakı və İrəvanla iş aparmaqla, həm Ermənistanda hərbi baza saxlamaqla» - rusiyalı müəllif yazır.
Müəllifin fikrincə Rusiya Ermənistan-Azərbaycan məsələsində seçim qarşısında deyil. Çünki hər iki ölkə tarixən Rusiya ilə bağlıdır. Və tammiqyaslı müharibə başlaya bilməz, çünki Ermənistan aldığını alıb və müharibəni təzədən başlamaq istəmir, Azərbaycan isə başa düşür ki, Rusiya ona tam gücüylə döyüşməyə imkan verməyəcək. Məqalə müəllifinin iddiasına görə, əslində müharibənin başlamasında Rusiyanın «okeanın o tayındakı düşmənləri» maraqlıdır. Ona görə ki, Baltik dənizindən tutmuş Xəzərə qədər «antirusiya zolağı» yaratsınlar, Azərbaycanı Rusiyanın təsir zonasından çıxarsınlar.
«Lakin Bakıda müstəqil siyasət yürüdən və özgələrin oyununa meyl etməyən İlham Əliyev hakimiyyətdədir. Ermənistan-Azərbaycan müharibəsini başlatmaq üçün Bakıda hakimiyyətə antirusiya mövqeli prezident gətirmək lazım gəlir, buna da Amerikanın gücü çatmaz» - müəllif bildirir.
Məqalədə deyilir ki, Türkiyə də Qarabağda müharibənin başlanmasında maraqlı deyil. Hərçənd Türkiyə Azərbaycan məsələsindən Rusiyaya qarşı oynamaq üçün istifadə etməyə çalışır, ancaq Putinin diqqətini Qarabağda müharibə kimi «baha qiymətə cəlb etmək» istəməz.
«Rusiyanın isə mövqeyi aydındır-bizə Zaqafqaziyada (Cənubi Qafqaz-red.) heç bir müharibə lazım deyil. Və eynilə belə müharibə ilə hədələyərək Rusiyanı şantaj etmək də yolverilməzdir, hansı ki, xarici oyunçular buna stavka edir. Göstərmək istəyirlər ki, Rusiya Ermənistanı dəstəkləsə Azərbaycan Qərbə meyl edəcək, bitərəf qalsa Ermənistan Rusiyanın təsirindən çıxacaq. Bu primitiv hesablamalar çoxdan aydındır və faydasızdır. Rusiyanın siyasəti məhz bundan ibarətdir ki, Qarabağ məsələsinin üçüncü qüvvələr tərəfindən istifadə edilməsinə yol verməsin. Hazırda Azərbaycan və Ermənistan bütün yollarla atəşin dayandırılmasına və sülhə məcbur edilməlidir, hansı ki, Kreml elə bununla məşğuldur. Rusiyanın tərəflərə təsir imkanları bunun üçün artıqlaması ilə bəs edir. Qarabağ məsələsinin həlli üçün isə zaman və Rusiyanın iştirakı lazımdır» - müəllif sanki Kreml strateqlərinin düşüncələrini ifadə edirmiş kimi bildirir.
Bəs Rusiya nə vaxt bu münaqişəni həll etmək fikrinə düşəcək? Münaqişəni daha nə qədər bu cür dondurulmuş vəziyyətdə saxlayacaq? Məqalə müəllifinə görə, Rusiya gec-tez bu işlərlə məşğul olacaq, ərazilərin «mübadiləsi», kompromislər, qaçqınların qayıtması məsələsinin həlli, əlbəttə ki, Rusiyanın nəzarəti altında və təhlükəsizlik təminatı ilə baş verəcək. Bunun üçün isə postsovet respublikalarında hərbi, iqtisadi baxımdan reinteqasiya prosesləri dərinləşməli, hər iki respublikanın Moskvaya etimadı artmalıdır. Başqa sözlə, müəllif eyham edir ki, Moskva Qarabağ münaqişəsinin həlli ilə Azərbaycanın və qalan keçmiş sovet respublikalarının təzədən Rusiyanın hərbi-iqtisadi orbitinə qayıtmasından sonra məşğul ola bilər...
Newsinfo.ru 2002-ci ildən fəaliyyətdədir və o qədər də populyar sayt deyil. Ancaq bu saytda Qarabağa dair yer alan fikirlər şimal tərəfdən əsən küləyin sürətini hesablamaq baxımından Azərbaycan üçün maraqlıdır. Çünki bu cür fikirlər hansısa az tanınan ekspertin və beynəlxalq mövzudan yazan jurnalistin öz fikirləri ola bilməz...