Vaxt.Az

Ermənilər şəhidin yeni fotolarını yaydı


 

Hərbçimizin meyitini İrəvana aparıblar

Ermənilər şəhidin yeni fotolarını yaydı Azərbaycan ordusunun hərbçisi Çingiz Salman oğlu Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən Yerevana aparılıb.

Modern.az saytı xəbər verir ki, ermənilər bu dəfə də şəhid hərbçimizin İrəvan morqunda çəkilən fotolarını sosial şəbəkədə yayıblar.

Modern.az erməni tərəfinin növbəti dəfə qeyri-humanistlik edərək yaydığı həmin fotoları sosial şəbəkədən əldə etsə də, onu sayta yerləşdirməyi məqbul saymır. 

Xatırladaq ki, Çingiz Qurbanov dekabrın 29-da Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı şəhid olub. Onun cəsədi düşmənin əlinə keçib.

Azərbaycanın çağırışlarına baxmayaraq düşmən şəhidimizin meyitini qaytarmağa tələsmir…

Qeyd edək ki, 22 yaşında şəhid olmuş Çingiz Salman oğlu Qurbanov Qusar rayonunun Həzrə kəndindəndir. Həzrə kənd orta məktəbini bitirən Ç.Qurbanov Azərbaycan Texniki Universitetinin məzunudur. O, universiteti bu il bitirib. İyul ayında isə Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Çingiz Salman oğlu Qurbanov hərbi xidmətə getməzdən öncə  ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayıb.

 





06.01.2017    çap et  çap et