Vaxt.Az

Təbrizdə islahatçı partiyadan kütləvi istefa


 

«Bu inqilabdan öncəki nasyonalizmə qayıdışdır...»

Təbrizdə islahatçı partiyadan kütləvi istefa Təbrizdə islahatçı sayılan «İran Millətinin İradəsi Partiyası»nın bir qrup üzvü mənsub olduğu partiyadan istefa verib. «İslahatçı cərəyan əhalinin gərçək problemlərinə cavab verə bilmir» fikrini irəli sürən keçmiş partiya üzvləri ümumiyyətlə bu cərəyandan ayrıldıqlarını elan ediblər.

«Bu cərəyan öz mövcudluğunu problemləri qarşı düşərgənin üzərinə atmaqla təmin edir və «vətəndaş hüququ», «söz azadlığı» və s. kimi şüarlar da cərəyanın bir qrup kimi uğur qazanmasına hesablanıb. İslahatçıların sözü ilə əməli arasında böyük uçurum var»- deyə keçmiş partiya üzvlərinin istefa mətnində qeyd olunub. 

«Təbrize Bidar» saytı xəbər verir ki, istefa məktubunu imzalayan keçmiş partiya üzvləri İrandakı İslahat cərəyanını revizionizm adlandıraraq bu cərəyanı inqilabdan öncəki Rzaxan dövrünün nasyonalizm siyasətinə bir qayıdış kimi gördüklərini və Azərbaycanda heç vaxt tərəfdar toplamayacağını qeyd ediblər.

Məktubda diqqət çəkən məqamlardan biri də, İranda müxtəlif millət, məzhəb, siyasi və ictimai görüşə mənsub olan vətəndaşların birlik rəmzi yalnız islam dini olduğu vurğulanıb.

Qeyd edək ki, Əhməd Həkimipurun quruculuğu ilə təşkil olunan «İran Millətinin İradəsi Partiyası» ölkədə etniklərin dil və mədəni istəkləri məsələsini müzakirəyə çıxardan nadir partiyalardan biridir, Buna baxmayaraq partiyanın etniklərlə bağlı mövqeyi, onun bəzi azərbaycanlı üzvləri tərəfindən sərt şəkildə tənqid olunur.

 





06.01.2017    çap et  çap et