Vaxt.Az

İranda neft kəməri partladıldı


 

Hadisəni müxalif ərəb qrupu üzərinə götürdü

İranda neft kəməri partladıldı İranın Xuzistan əyalətində yerli ərəblərin müstəqilliyi uğrunda mübarizə apardığını bildirən müxalif ərəb təşkilatı, yanvarın 3-də iki neft borusunu partlatdıqları haqda məlumat yayıb.

Özünü, «Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı» adlandıran bu qrup, rəsmi saytında yaydığı məlumatda bildirib ki, hərəkata bağlı qüvvələr yanvarın 3-də Əmidiyyə və Əl-Delmon (Deyləm) şəhərlərinin yaxınlığından keçən iki neft boru kəmərini partladaraq sıradan çıxarıblar. Bildirilir ki, hər iki partlayış nəticəsində Xark adasına neftin nəqli tamamilə dayandırılıb.

Hər iki partlayışdan video görüntülər yayan müxalif qrup bildirib ki, partlayışları, İran Neft Nazirliyinin əyalətdə neft və qaz yataqlarının genişləndirilməsi üçün tender elan etməsinə və bu məqsədlə 29 avropalı neft şirkətini tenderə cəlb etməsinə cavab olaraq törədib. Qrup bildirib ki, gələcəkdə bu kimi partlayışların sayını artıracaq.

İranın Daxili İşlər Nazirliyinin sözçüsü Salman Samani yanvarın 4-də jurnalistlərə açıqlamasında iki neft boru kəmərinin partladılması ilə bağlı yayılan məlumatları təkzib edib.

 





06.01.2017    çap et  çap et