Vaxt.Az

«İrana qarşı təzyiqləri davam etdirməliyik»


 

Kerri: «Münasibətlərimizdəki gərginlik və çaxnaşma hələ də davam edir»

«İrana qarşı təzyiqləri davam etdirməliyik» Yanvarın 5-də ABŞ dövlət katibi Con Kerri, vəzifə müddətinin başa çatması ərəfəsində Obama hökumətinin 8 illik fəaliyyəti və İranın nüvə fəaliyyətini danışıqlar yolu ilə dayandırmaq üçün gördüyü işlər barədə hesabat yayıb.

Kerri bildirib ki, onun başçılıq etdiyi Dövlət Departamenti, dünyanın aparıcı dövlətlərini, o cümlədən də Rusiya və Çini səfərbər edərək, İranı danışıqlar masasına gətirməkdə və bu ölkənin nüvə fəaliyyətinin dinc yollarla beynəlxalq nəzarətə götürülməsində böyük nailiyyətlər əldə edib: «Nüvə sazişindən əvvəl, İran 90 gün ərzində bir atom bombasını istehsal etmək üçün lazımi material və avadanlığı əldə edə bilərdi. Halbuki hazırda bunun üçün ən azı bir il vaxt lazımdır. Bundan başqa biz İranın nüvə fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində də uğurlar əldə etmişik. Bu nailiyyətlər, bizə bu imkanı verir ki, İranın üzərinə götürdüyü öhdəliklərə əməl edib-etmədiyindən tez xəbər tutaq və ona lazımi reaksiyanı vaxtında verək.

Amerika bilmək istəyirdi ki, hər hansı bir müharibə başlatdırmadan, sanksiyaları gücləndirməklə İranı danışıqlar masasına gəlməyə vadar edə bilər, yoxsa yox. Nəhayət buna da nail oldu. Belə ki, 2 il yarım bir müddətdə İranla yüksək səviyyələrdə əlaqə saxlayaraq və Avropa Birliyi ilə Böyük Britaniyanı, Fransanı, Almaniyanı, Rusiyanı və Çini bu işə cəlb edərək İranı nüvə sazişini qəbul etməyə qane edə bildi. Bununla da əldə edilən bu sazişlə, İranın nüvə silahları istehsal etməsinin bütün yolları bağlandı.

İran hökumətinə və onunla münasibətlərə gəlincə, biz daha fərqli bir gələcəyin yolunu açmağa hazırıq. Lakin bunun üçün İranın da belə bir dəyişikliyə təmayülünü göstərməsini gözləyirik. Təəssüflər olsun ki, bizim İranla münasibətlərimizdəki gərginlik və çaxnaşma hələ də davam edir. Elə buna görə də hesab edirəm ki, biz İrana qarşı təzyiqləri davam etdirməli, onun raket proqramını inkişaf etdirməsinin, beynəlxalq terrorizmə dəstəyinin, insan haqlarını pozmasının və qonşu ölkələrinin daxili işlərinə müdaxiləsinin qarşısını almalıyıq».

 





06.01.2017    çap et  çap et