Hazırda bir qrup dərmanlar satış dövriyyəsindən çıxarılmış, bir qrup dərmanlar isə kəskin bahalaşdığından onun da ikinci əldən satışı, yəni qara bazarı formalaşmışdır. Belə ki, ən çox işlənən dərmanlardan ksantional, nikotinat, levomisetin, pirogenal, bromgeksin apteklərdə tapılmır, onların satış qiymətlərinin düzgün tənzimlənməməsi nəticəsində ölkəyə idxalı demək olar ki, dayanıb. Son 1 ildə Azərbaycanda əksər dərmanlar orta hesabla 20 faiz bahalaşıb. Bir qrup dərmanların qiyməti isə 2 dəfəyədək artıb. Vaxtılə 50 manata olan albumin hazırda 110 manata,40 manata olan TAD 600 80 manata, 12 manata olan paskorbin 22 manata təklif olunur. Bu bazarda qiymətdən sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. Odur ki, dərman vasitələrinin qiymətinin liberallaşdırılması ilə yanaşı, keyfiyyətinə nəzarət sahəsində də islahatlar aparılmalıdır. Əks təqdirdə bu sektorda vəziyyətin daha da ağırlaşması, saxta dərmanların satış dövriyyəsində daxil olması müşahidə olunacaq. Bu vəziyyəti şərtləndirən səbəblərdən biri də dərman peraparatlarının idxalındakı oliqopoliyanın dəstəklənməsidir. Odur ki, dərman bazarında yalnız qiymətlərin liberallaşması, idxalın demonoplizasiyası və yerli əczaçılıq sənayesinin inkişaf etdirilməsi mövcud problemin həllinə dəstək ola bilər.