Vaxt.Az

Qubada nə baş verib?


 

Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı ölkə gündəmini dəyişdi

Qubada nə baş verib? Ölkədə icra məmurlarının məhkəmə qərarlarını həyata keçirərkən zorakılıq və ya təzyiq tətbiq etməsi geniş yayılıb, vəkillər iddia edir. Bu hərəkətlər, ölkə qanunvericiliyinə əsasən qadağandır.

Ədliyyə Nazirliyinin sözçüsü BBC Azərbaycancaya belə halların mövcudluğundan xəbərdar olduğunu və «ölçü götürüldüyünü» deyib.

İcra məmurlarının davranışı ötən həftə 10 yaşlı qız uşağının məhkəmə icraatçıları tərəfindən xalasından alınaraq atasına verilməsi barədə video yayıldıqdan sonra geniş müzakirəyə səbəb olub.


Qubada nə baş verib?


Quba rayonunda baş verən hadisənin video görüntülərə əsasən, icra məmurları onu böyütmüş xalasından ayrılmaq istəməyən və məhkəmə qərarına görə bioloji atasına verilmiş uşağı atası ilə getməyə məcbur edir, sonra isə onu xalasının əlindən zorla alır.

Ədliyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Quba Rayon Məhkəməsinin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb və həmin qətnamə həmçinin apellyasiya və Ali Məhkəmənin qərarları ilə qüvvədə saxlanılıb.

Nazirliyin məlumatına əsasən, qarşı tərəf qərarı icra etməkdən imtina etdiyi üçün belə bir hal yaşanıb. Lakin nazirlik onu da bildirir ki, görüntülərdə olan mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb.

«O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılmış və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır», Ədliyyə nazirliyi bəyanatında qeyd edir.


Geniş yayılmış hal


Vəkil Müzəffər Baxışov deyir ki, icraçıların belə davranışı çox yayılıb.

Onun sözlərinə görə, Azərbaycan respublikasının qanunvericiliyi, Konstitusiya və Azərbaycanın tərəfdar çıxdığı bütün beynəlxalq müqavilələrə görə uşağa zor tətbiq edilməsi birmənalı olaraq qadağandır.

«İcra məmurları haqqında qanunun tələblərinə görə, məhkəmə icraçısı hər hansı səbəbdən icra hərəkətini həyata keçirə bilmirsə, belə hallarda müvafiq icra hakimiyyəti orqanına və ya polisə müraciət etməlidir», o izah edir.

30 ildir vəkillik fəaliyyəti ilə məşğul olan Müzəffər Baxışov fəaliyyəti boyunca oxşar hadisələrlə rastlaşdığını da qeyd edir. O deyir ki, 5 il öncə bir vətəndaş qardaşına uşağını verib və 6 il sonra qardaşı vəfat etdiyi üçün uşağını geri almaq üçün məhkəməyə müraciət edib.

«Eyni vəziyyət yaranmışdı, məsuliyyətimlə deyirəm ki, qərar pul alınaraq verildi və məhkəmə icraçıları uşağı ana dediyi əmisi arvadından aldı», deyən vəkil müstəqil məhkəmə sisteminin vacibliyini vurğulayır.

Bundan başqa vəkil qeyd edir ki, icra məmurları çox vaxt qətnamələri icra etmir.

«Deyirlər ki, qətnamələrin 80 faizi icra edilir, amma bu belə deyil», o deyir.

Hazırda əsasən banklarla borcunu ödəyə bilməyən vətəndaşlar arasında olan məhkəmə proseslərində iştirak edən vəkil Əkrəm Həsənov da məhkəmə icraçılarının zorakılıq etdiyini bildirir.


Nazirlik «xəbərdardır»


Cənab Baxışov hesab edir ki, «bəlkə də hər gün icra şöbələrində icra məmurları borcunu ödyə bilməyən vətəndaşları zorla saxlayırlar, psixoloji təsir göstərirlər və əleyhinə olan sənədlər imzalatdırırdılar».

Vəkil vurğulayır ki, məmurların bunu etməyə ixtiyarı yoxdur.

Cənab Həsənov ötən il belə bir hadisə ilə rastlaşdığını bildirir. Onun ödənişi həyata keçirə bilməyən müvəkkili bir müddət icra şöbəsində «zorla saxlanılıb və danlanıb». Vəkil əlavə edir ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyini məlumatlandırdıqdan sonra onun müvəkkilindən «əl çəkiblər».

Ədliyyə Nazirliyindən isə BBC Azərbaycancaya bildiriblər ki, onlar belə halların mövcudluğundan xəbərdardırlar. Nazirlik qeyd edir ki, oxşar hallarla rastlaşanlar nazirliyin qaynar xəttinə müraciət etməlidir. Qurum onu da qeyd edir ki, şikayət daxil olduğu halda araşdırma aparılır və «ölçü götürülür».

 





09.01.2017    çap et  çap et