Vaxt.Az

Qırışların da çarəsi tapılıb


 

Qocalmanın əsas əlaməti tarixə çevrilir

Qırışların da çarəsi tapılıb «The Telegraph» qəzeti yazır ki, qocalmanın əlaməti olan qırışlar çox tez bir zamanda keçmişin qalığına çevrilə bilər.

Məqalədə deyilir ki, alimlər dərini gənc və təravətli edən piy hüceyrələrini yetişdirməyi öyrəniblər.

Alimlər bildirirlər ki, bu kəşf nəinki qocalığa qarşı müalicələrin inkişafına təkan verə bilər, həm də bu metodla yaraların çapıqsız sağalmasına nail olmaq olar.

Adiposit adlanan yağ və ya piy hüceyrələri normal olaraq dərinin tərkibinə daxildir, lakin yaşlanma və ya çapıqların sağalma prosesində itə bilər.

Məhz bu hüceyrələrin yoxluğu yaşlı adamların üzündəki qırışları ömürlük edir.

Laboratoriya araşdırmaları göstərib ki, tük kisəcikləri yaraların çapıqsız sağalmasına birbaşa təsir edir. Bu kisəciklər Sümük Morfogenetik Zülalı (SMZ) adlı molekulun siqnallarını buraxır.

SMZ yaralarda rast gəlinən çapıqyaradan miofibroblast hüceyrələrinin adipositlərə çevrilməsi üçün «komanda» verir.

ABŞ-ın Pensilvaniya Universitetinin aparıcı alimi professor Corc Kotsarelis (George Cotsarelis) deyib ki, yeni metod istənilən yaranın çapıq qoymadan itib getməsinə imkan verəcək.

Alim bildirir ki, «miofibroblastların başqa hüceyrəyə çevrilmədiyinə inanılır, lakin biz hüceyrələri dəyişməyə və adipositlərə çevrilməyə məcbur etmişik».

Təcrübələr laboratoriyada həm insan, həm də siçanın çapıqyaradan toxuması üzərində aparılıb.

«The Telegraph» yazır ki, tədqiqatın əsas məqsədi çapıqların aradan qaldırılmasına yönəlsə də, bu kəşf başqa sahələrdə də tətbiq oluna bilər.

Professor Kotsarelis deyib ki, adipositlərin itməsi HİV virusuna yoluxma və təbii yaşlanma kimi proseslərin ümumi xüsusiyyətidir.

Alimin sözlərinə görə insanın üz dərisində adipositlərin yetişdirilməsi ilə qocalığın müalicəsinə böyük töhfə veriləcək.

 





10.01.2017    çap et  çap et