Vaxt.Az
İsveçə paytaxtına qastrol
Aktyorlarımız Skandinaviya paytaxtlarının birində 3 gün qonaq qalacaqlar
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İsveçə qastrol səfərinə yollanır. Kollektiv 26-29 may tarixlərində İsveç Krallığının paytaxtı Stokholm şəhərində olacaq. Qastrol səfəri Azərbaycanın İsveç Krallığındakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Teatr 17 may tarixində Stokholmda yerləşən Södra Teatrının binasında milli dramaturgiyamızın banisi, klassik Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşasını oynayacaq. Tamaşanı quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir.Tamaşada Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar Artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Vüsal Musrafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev iştirak edirlər.
Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmişdir. Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.
Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə baş verə bilər. Zəngin milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə aparan tamaşa problematikası və ideya-bədii təqdimatı etibarilə təsirlidir.
24.05.2013 çap et