Vaxt.Az

Hacılar, ay hacılar


 

«Qurban olduğum qayıdıb deməz ki ha, ... »

Hacılar, ay hacılar Bizdəki hacılardan dünyada yoxdur. Biri Allahın xoşuna gəlməyən heyvanın-qabanın ovunu özünə hobbi seçir. Digəri ziyarəti yarımçıq qoyub namizədlik məsələsinin «razborka»sına qaçır. Sonra da bunların himayədarları olan üləmalar Hacı İbrahimə ağız büzürlər. Bəyənmədiyiniz Hacı İbrahim çox səmimi və kişi adamdır ki, hər şeyini aşkarda edir və deyir. Zənnimcə, belə adamın həcci daha çox qəbul olunar, nəinki Kəbə ziyarətini şöhrət və ticarətdən ötrü vasitə seçən riyakarların.

Yadıma Haci Maillə böyük üləmalardan birinin qudası arasında olmuş mükalimə düşdü. On beş dəfə Həccə gedib-gəlmiş bir həci Hacı Mail rəhmətlikdən soruşur ki, mən hər il Həccə gedirəm və qismət olsa, davam edəcəyəm. Yəqin mənim yerim cənnətlik olar da, hə? Hacı Mail də cavab verir ki, peyğəmbərin əmisi Əbu Ləhəb bütün ömrünü Məkkədə keçirdi, amma cəhənnəmə vasil oldu, indi sən 15 dəfə Məkkəyə alverə getməklə Cənnətə düşmək istəyirsən, ay Cəhənnəm odunu?

Həcc ziyarəti ilə bağlı status yazarkən yadıma rəhmətlik Məzdək Hüseynovun böyük üləmalardan birinə verdiyi cavab düşdü. Ona təklif edəndə ki, gəl səni Həcc ziyarətinə aparım, özü də müftə-müsəlləm, rədd cavabı verərək deyir: «Tutaq ki, sən məni apardın Kəbəyə, qara daşı öpüb başladım duaya. Birdən qurban olduğum gözümə görünər və məndən soruşar:

– Məzdək oğurluq edirsən?»

– Deyərəm, yox.

– Rüşvət alırsan?

– Yox.

– Yetim malı yemisən?

– Yox.

– Qeybət edirsən?

– Yox.

Bu cavabları eşidən qurban olduğum qayıdıb deməz ki ha, bunları etməmisənsə, bəs burda nə….

Son olaraq deyim ki, Həccə getmək istəyənlər, gərək bir qonşularına da baş çəkəydilər. Ac yatanlara yuxu dərmanından-zaddan lazım olardı.

 





21.09.2015    çap et  çap et