Vaxt.Az

Terrorun dini olmur


 

Fin deputatın dediklərinə replika

Terrorun dini olmur Finlandiyada «Həqiqi Finlər Partiyası»nın deputatı Teuvo Hakkarainen məhkəmə qərarı ilə həbs edilib. Buna səbəb onun Fransının Nitse şəhərində 86 nəfərin ölümü və 434 nəfərin yaralanması ilə nəticələnən terror hücumundan sonra sosial şəbəkədə «Bütün Müsəlmanlar terrorçu deyil, lakin bütün terrorçular Müsəlmanlardır. Müsəlmanlar, Finlandiyadan çıxın», - deyə status yazması olub.

Yəqin ki, deputat «terrorun dini, irqi, milliyyəti olmur» fikrini qəbul etmir. Əks təqdirdə bilərdi ki, terror məhz günahsız insanların öldürülməsi məqsədilə təşkil edilir və bütün dinlərdə günahsız insanların öldürülməsi lənətlənir. Tarixi vərəqləsək, terrorun kökünün Avropadan qaynaqlandığını deyə bilərik. Buna baxmayaraq, deputatdan fərqli olaraq, biz bir daha qeyd edirik ki, terrorun dini, irqi, milliyyəti olmur...

Avropada yayılan terror təşkilatlarına və onların həyata keçirdiyi terror aktlarının tarixinə qısa bir nəzər salaq. Qeyd edək ki, onda nə İŞİD vardı, nə də Qərb mediasının sevə-sevə işlətdiyi «radikal islamçı» anlayışı. 


Fransadan yayılan «terror» ifadəsi


Terror latın dilində «terrere» sözündən olub, «qorxudan sarsıntı keçirmək, qorxudan dəhşətə düşmək» mənasını verir. Terrorizm isə terrorun sistemli şəkildə, qəsdən, çox vaxt qruplaşma və uzun müddətli olan qaydasız müharibə və təbliğat formasıdır. «Terrorizm» ifadəsi ilk dəfə 1975-ci ildə Fransada 1973-74-cü illərdə hökm sürən ictimai qarışıqlığa qarşı hökumətin tətbiq etdiyi çəkindirmə siyasətini ifadə etmək üçün istifadə edilib. Fransa inqilabından sonra 1793-cü il sentyabr və 1794-cü il iyul arasında iqtidarı Yakobenlər ələ keçirdi və demokratiya və respublikanı qorumaq bəhanəsi ilə terror aktları törətdilər. Respublikaya qarşı çıxanlar 10 ay ərzində 20 min insan əksinqilabçı kimi edam edildi, 300 min insan isə həbs edildi.

Avropada geniş terror aktları həyata keçirən terror təşkilatlarından biri də  ETA-dır (Euzkadi Ta Askatasuna – Bask ölkəsi və Azadlıq). ETA 1959-cu ildə Franco diktatorluğuna qarşı yaradılmış marksist-leninist təşkilatdır.

İspaniya və Fransada yaşayan baskları birləşdirərək bask dövləti yaratmaq uğrunda mübarizə aparıb. 1968-2011-ci illər arasında ETA 829 nəfərin ölümünə səbəb olan terror aktlar həyata keçirib. 20 oktyabr 2011-ci ildə təşkilat silahlı mübarizəni dayandırdığını açıqladı.

Avropada hücumlar təşkil edən digər terror təşkilatı da Qızıl Ordu Fraksiyasıdır.


Dünyanın ən böyük terror təşkilatı


Xalq Ordusu, FARC və ya FARC-ER qısa adı ilə tanınan dünyanın ən böyük marksist-leninist terror təşkilatlarından biri də Kolumbiya İnqilabçı Silahlı Qüvvələridir. FARC 1960-cı illərdə Kolumbiya Kommunist Partiyasının hərbi qolu kimi fəaliyyətə başlayıb. Bu günə qədər FARC ilə təhlükəsizlik qüvvələri arasındakı mübarizədə on minlərlə insan həyatını itirib, təxminən 7 min insanı isə pul tələb etmək məqsədilə qaçırılıb.

Lideri «Gələcək silahlarda və toplarda yatır» deyən Peru Kommunist Partiyası və ya «Aydınlıq Yol»  marksist-maoist terror təşkilatı 1980-1992-ci illərdə 70 min insanın həyatına son qoyub. Təşkilat son əsrin ən qanlı terror təşkilatı kimi tarixə düşüb.

İrlandiyanın vahidliyi və müstəqilliyi uğrunda mübarizə aparan İrland Respublika Ordusu (IRA) terror təşkilatının  XX əsrin ortalarından başlayaraq həyata keçirdiyi 600-dən çox terror aktında 3200-dən çox mülki və hərbi şəxs öz həyatını itirib.

Merilend Universitetinin apardığı tədqiqatlara əsasən Qərbi Avropada 1979-cu il terrorun ən pik vaxtı olub. Həmin illərdə Avropada təxminən 800 terror aktı olub və bunun çox hissəsinin də məsuliyyəti  Fransa, İspaniya və Böyük Britaniyadan olan separatistlərin boynuna düşür. Təkcə 1988-ci ildə Avropada törədilən terror aktları nəticəsində 366 nəfər  həlak olub.  Onlardan  270 nəfəri Lokerbi  sərnişin təyyarəsinin partladılması nəticəsində həyatını itirib.

Avropada geniş fəaliyyət göstərən terror təşkilatlarından biri də «Qladio»dur. Qladio 1952-ci ildə NATO-nun yaratdığı gizli təşkilatdır. Avropada müxtəlif yönümdə terror aktları həyata keçirib. İtaliyada 1969-80-ci illər arasında 4 min 298 terror hadisəsinin böyük bir hisəsini Qladio törədib.

Təşkilatın müxtəlif ölkələrdə fərqli adları var.  İtaliyadakı adı Qladio (Qılınc),  Yunanıstanda B-8 ya da «SheepSkin» (Qoyun Postu), Belçikada SDRA-8, Hollandiyada NATO Command, Qərbi Almaniyada «Gehlen» Təşkilatı, «Stay Behind» ya da «Sword», Avstriyada «Schwert», Fransada Külək gülü, Kontrgerilla, İspaniyada anti-Terror Xilasemə Qrupu (GAL), İngiltərədə isə «Secret British Network» olaraq bilinir.

Xristian terror təşkilatı olan «Anti-Balaka»nın adı nəyə görəsə Qərbdə heç çəkilmir. Arxasında Fransanın dayandığı təşkilat Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı terror həyata keçirir. Xristian terror təşkilatının üzvləri müsəlmanları gördükləri yerdə başlarını kəsirlər. Müxtəlif ağlasığmayan üsullarla qətlə yetirirlər.

Dini etiqadına görə İslam olan Mişel Dotodianın istefasından sonra xristian Ketrin Samba-Panzanın hakimiyyəti ələ keçirməsiylə «Anti-Balaka» müsəlmanlara qarşı qanlı aksiyalara başladı. MAR-da müsəlmanlara heç bir haqq tanımayan Panza hökumətinin məqsədi İslamı ölkədən təmizləmək, Xristian şəriətinə əsaslanan «Afrika dövləti» yaratmaqdır. 2007-ci ildə Jozef Koninin liderliyi ilə minlərlə günahsız müsəlman öldürülüb.

«Xaçlı» terror təşkilatı on minlərlə insanı qətlə yetirib yüz min insanı isə sürgünə vadar edib.

16 Aprel 1925-ci il, Müqəddəs Nedelya Kilsəsinin günbəzi 25 kq-lıq partlayıcı maddə ilə havaya uçuruldu.

Bolqarıstan Kommunist Partiyasından olan bir qrup şəxslər tərəfindən terror hadisəsi General Konstantin Georgievin cənazə törəni zamanı təşkil edildi. Partlayış nəticəsində çoxu hökumət nümayəndəsi və ya hərbi səlahiyyətli şəxs olmaqla 150 nəfər öldü, 500 nəfər yaralandı.

«Qırmızı briqadalar» adlı terror təşkilatı 1970-1980-ci illərdə İtaliyada fəaliyyət göstərmişdir. 1978-ci ildə terrorçu təşkilat 1963-1968-ci və 1974-1976-cı illərdə baş nazir olmuş Aldo Moronu oğurlayaraq qətlə yetirmişdilər. 2000-ci illərdə təşkilat yenidən fəallaşmışdır.

Erməni terror təşkilatı ASALA («Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu») minlərlə türkün qətlə yetirilməsində xüsusi rol oynayıb.

Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə «Böyük Ermənistan» dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Erməni terror təşkilatları Azərbaycanda dəfələrlə terror həyata keçirib. Müxtəlif illərdə sərnişin daşıma vasitələrində qanlı terror aktları həyata keçirib. Onlarla günahsız türk öldürülüb.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında «Mİ-8» vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olub.

08 yanvar 1992-ci il. Türkmənistandan «Krasnovodsk-Bakı» marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanıb.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfəri, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfəri və 26 fevral 1992-ci il tarixdə isə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirib, 650 nəfəri isə yaralayıblar.

03 iyul 1994-cü il. Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

«Erməni gizli azadlıq ordusu» (ASOA) 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

İlk dəfə Yaponiyada həyata keçirilən kamikadze hücumları SSRİ-nin qoşunlarına qarşı yönəlmişdi. İkinci Dünya müharibəsindən sonra Yaponiya kamikadzelər vasitəsilə müharibədə zəif tərəf imicini qırmağa çalışırdı.

İslam adı altında terror aktı törədən radikal qruplar İŞİD, Əl Qaidə, Əl Şəbab və Boko Haram kimi təşkilatlar dünyanın bir çox yerində qətliamlar törədirlər, terror aktları həyata keçirirlər. Onların öldürdükləri adamların çoxu da müsəlmandır.

Bu yaxınlarda Avropanın müsəlmanlara qarşı təzyiq göstərməsinə səbəb olan İŞİD terror təşkilatının da ABŞ-dan maliyyələşdiyi və ABŞ tərəfindən istiqamətləndirildiyi rəsmi şəxslər tərəfindən açıqlandı. Avropanın adı çəkiləndə başını tutmağa çalışdığı terror təşkilatları gücü elə məhz Avropadan alıb. Əsrlərdir qərb terror təşkilatlarının maliyyə mənbəyinə çevrilib. Ona görə də heç kəs islam dinini terrorizmlə bağlamamılıdr. Tarixin qapıları hər kəsə açıqdır.

Norveçli Breyvik 77 nəfərin həyatına son qoyub. O, da müsəlman idi?

Bəs Kosovada etnik albanlara qarşı hərbi cinayətlər törədən keçmiş serb generalı Milovan Boyoviç?

Yeri gəlmişkən, qeyd edək ki, 8 yanvar 1977-ci ildə Rusiyanın paytaxtı Moskvada metroda terror aktı həyata keçirilib. Təşkilatçılar erməni əsilli terrorçular olub. Terrorun təşkilatçılarına son dərəcə gizli məhkəmə təşkil edilib. Bununla bağlı petisiya imzalamağa çağıran Rusiyalı politoloq «Eurasia Diary»yə açıqlamasında qeyd etmişdi ki, Qarabağ separatçılarının hərbi rəhbəri olmuş Serj Sərkisyan bu gün Ermənistan prezidentidir və Kremlin ən yaxın dostu hesab edilir, onun əlləri məhz Xocalı qətliamının günahsız qurbanlarının qanına batıb...

«Bütün Müsəlmanlar terrorçu deyil, lakin bütün terrorçular Müsəlmanlardır» deyən fin deputat hələ bilmir ki, terrorçular yalnız «müsəlman» olmur, həm də və hətta prezident olur. Serj Sərkisyan kimi...

 





11.01.2017    çap et  çap et