Vaxt.Az

Neft Fondu, Mərkəzi Bank və … eşşəklər


 

Arpanı necə bölürsən böl, ən azı biri eşşəkliyinə salıb səni ...

Neft Fondu, Mərkəzi Bank və … eşşəklər Cənab Prezidentin dünən «özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr» haqda danışarkən «İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir» atalar sözünü xatırlamasının, zənnimcə, dərin siyasi mənası var. Təbii, söhbət xarici siyasətdən, yəni başda Barak Obama və Hillari Klinton olmaqla ABŞ-ın demokrat ulaqlarından getmir. Sırf daxili siyasət məsələsidir.

Belə ki, «eşşək» elə bizim orta statistik məmurumuzdur. Belələrinin arasında arpanı heç Nobel mükafatı laureatı olan iqtisadçı da bölə bilməz. Riyazi qanunlar burada işləmir! Necə bölürsən böl, ən azı biri eşşəkliyinə salıb səni «neprav» çıxardacaq, narazı qalacaq, qeyri-loyal olacaq. Burada siyasi məharət tələb olunur!

Digər tərəfdən, yəqin, təsadüfi deyil ki, Prezidentin çıxışı onun tərəfindən Neft Fondunun büdcəsinin təsdiqi ilə eyni gündə olub. Belə ki, həmin büdcəyə əsasən il ərzində Neft Fondunun Mərkəzi Banka transfertinin çox yüksək yuxarı həddi müəyyən olunub: 7,5 milyard manat. Yəni il ərzində Neft Fondu 8,37 milyard manat qazanacaq və onun az qala hamısını Mərkəzi Banka ötürəcək. Belə olduğu təqdirdə, Neft Fonduna nə ehtiyac var?

Neft Fondu fəaliyyətinə 2001-ci ildən başlayıb. Onadək valyuta ehtiyatlarımızı yalnız Mərkəzi Bank idarə edirdi. Sonra isə «arpa» bu iki qurum arasında bölündü. Lakin cari vəziyyətdə bu bölgü əhəmiyyətini itirir. Neft Fondu vəsaitini nəticədə Mərkəzi Banka ötürürsə, deməli, Fonda ehtiyac qalmır. Təsdiq edilmiş smetaya əsasən Neft Fondunun fəaliyyətinə bu il 32,5 milyon manatdan çox vəsait xərclənəcək. Nəyə görə? Qazandığını Mərkəzi Banka ötürməsinə görə? Bəlkə elə Neft Fondunun vəsaiti əvvəlki kimi tamamilə Mərkəzi Banka verilsin və o da onu öz ehtiyatlarına qatıb idarə etsin? 32,5 milyon manatdan çox vəsaitə də qənaət edilsin. Onsuz da Mərkəzi Bankın nəzarət səlahiyyəti əlindən alınandan sonra işi azalıb, binası isə əvvəlki kimi iri, bekar qalmış işçilərinin sayı isə çoxdur. Qoy neft gəlirlərini də idarə etsin! Yəni gəlin «eşşəkləri» birləşdirək və «arpanı» bölmək zərurəti aradan qalxsın.

Əlbəttə, bu halda kadr məsələsi aktuallaşacaq. Birləşmiş quruma kim rəhbərlik etsin: Elman Rüstəmov, yoxsa Şahmar Mövsümov? Hər ikisi ilə Mərkəzi Bankda işləmişəm. Oradakı həmkarlarım arasında belə bir fikir var idi ki, Elman Rüstəmova ən çox bənzəyən Şahmar Mövsümovdur. Odur ki, fərqi yoxdur. Əsas odur ki, «arpa» vahid əldə cəmləşsin…

 





11.01.2017    çap et  çap et