Vaxt.Az

Qurşaqdan aşağı zərbə


 

Yeni sanksiyalar Rusiyaya suveren borcların alınmasında problem yaşadacaq

Qurşaqdan aşağı zərbə ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Layihənin 5 demokrat və 5 respublikaçı senatorun imzası ilə təqdim olunması bu sənədin qəbuluna şübhə yeri qoymur.

Layihədə ABŞ-a qarşı həyata keçirdiyi kiberhücumlar, Ukrayna və Gürcüstana qarşı işğalçılıq siyasəti və Suriyada Əsəd rejiminə dəstək verdiyinə görə Rusiyanın enerji sektoruna sanksiyaların tətbiq olunması əksini tapıb. Rusiyanın neft-qaz sənayesinə, Rusiyanın boru kəmərlərinin və nüvə obyektlərinin tikintisinə sərmayə qoyan, mal və xidmətlər, texnologiya sahələrində Rusiya ilə əməkdaşlıq edən, Rusiya aktivlərinin özəlləşdirilməsində, Rusiyanın suveren borclarının alışında iştirak edən fiziki və hüquqi şəxslər (istənilən ölkənin vətəndaşları və şirkətləri) ABŞ-ın sanksiyalarına məruz qalacaq.

Bu sanksiyalar qüvvəyə minərsə, Türkiyənin Rusiya ilə birlikdə həyata keçirdiyi Akkuyu AES layihəsinin, eləcə də Rusiya qazının Avropaya nəqli üçün nəzərdə tutulan yeni «Şimal axını-2» boru kəməri layihəsinin taleyi sual altına düşəcək.

Sənəddə Rusiya mediasının (RT başda olmaqla) fake xəbər siyasətinə qarşı mübarizə və rusdilli obyektiv medianın dəstəklənməsi məqsədilə 100 milyon dollar ayrılması əksini tapıb.

Digər önəmli məqam isə budur ki, Obamanın Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalar bu sənədə daxil edilərək qanunlaşdırılır və beləliklə, onların yeni prezident tərəfindən ləğvi imkanı aradan qalxır.

Sənəd Senat və Nümayəndələr Palatasında qəbul olunduqdan sonra prezidentin təsdiqinə veriləcək. Layihə respublikaçılar tərəfindən dəstəkləndiyi üçün Trampın veto qoyması çox çətin olacaq. Veto qoysa belə, Konqres üçdə iki səslə bu vetonu aradan qaldırmaq hüququna malikdir.

 





11.01.2017    çap et  çap et