Vaxt.Az

«Qatil» Tiflisdən qayıdıb


 

Azdrama Gürcüstan paytaxtında 2 gün qalıb

«Qatil» Tiflisdən qayıdıb Akademik Milli Dram Teatrının kollektivi 4-6 aprel tarixlərində Gürcüstanda (Tiflis) qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr gürcü tamaşaçılarına bu dəfə xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında “Qatil” tamaşasını təqdim edib.
K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunan “Qatil” tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 
Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Əsas rolları xalq artisti Səidə Quliyeva (qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (qadın), Elxan Quliyev (polis) və aktyor Hikmət Rəhimov (oğlan) oynayıb.
Qeyd edək ki, “Qatil” tamaşasının mövzusu tənhalıqdır. Tamaşanın süjeti tənha kimya müəlliməsinin faciəli həyatı üzərində qurulub. Saxtakar, yalançı, fırıldaqçı oğlan başı ancaq şagirdlərinə qarışan, tənha, yaşı ötmüş, sevgi gözləyən müəllimənin həyatına girir. O, yalanlarla saf qadının təmiz hisslərinin qatili olur. Müəllimənin evini və ürəyini zəbt edən oğlan sonda onu qatil edir.
 





09.04.2013    çap et  çap et