Vaxt.Az

«2 milyardlıq təklifdən imtina etdim»


 

Trampın mətbuat konfransının ən vacib mesajları

«2 milyardlıq təklifdən imtina etdim» ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi ilk geniş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb, bir sıra məqamlara aydınlıq gətirib.

Tramp bildirib ki, biznesdən tamamən uzaq olacaq və şirkətindəki bütün işləri oğlanlarına həvalə edəcək.

O, bugünlərdə Dubaydan olan iş adamının 2 milyard dollarlıq iş təklifindən də imtina etdiyini deyib: «Bu adam mənim yaxın dostumdu, çox yaxşı adamdı. Təklifdən imtina etməyə də bilərdim. Amma etdim».

Son günlərin əsas müzakirə mövzusu olan kiberhücumlara toxunan Tramp Rusiyanın təqsirkar olduğunu etiraf edib.

«Əslində bütün bunlar məxfi məlumatlardır. Düşünürəm ki, bu, Rusiya olub. Amma bizə başqa ölkələrdən də kiberhücumlar olub».

Hakerlərdən müdafiə üçün güclü sistem quracağını deyən Tramp bu işə ağıllı adamları cəlb edəcəyini deyib. O, haker hücumları ilə bağlı 90 gün ərzində hesabat hazırlanması üçün təlimat verdiyini də qeyd edib.

«Hakerlik əlbəttə ki, dəhşətlidir. Amma görün, nə qədər dəhşətli şeyin üstünü açıb. Bunlar vacib şeylərdir», – deyə Tramp bildirib.

Rusiya prezidenti Vladimir Putinin ABŞ-dakı son seçkilərə təsiri ilə bağlı sualını Tramp belə cavablandırıb:

«Əgər Donald Tramp Putinin xoşuna gəlirsə, bu, yaxşıdır. Putin bizə kiberhücum etməməli idi. Fikrimcə, bundan sonra etməyəcək. Hesab edirəm ki, mənim prezidentliyim dövründə Putin ABŞ-a hörmət edəcək. Gəlin, açıq danışaq. Kim düşünür ki, Hillari Rusiya ilə məndən daha sərt danışacaqdı».

Meksika ilə ABŞ arasında sədd çəkəcəklərini bir daha vurğulayan Tramp bildirib ki, Mayk Pens artıq bu istiqamətdə hazırlıqları başladıb: «Ən qısa zamanda başlayacağıq. Artıq gözləmək istəmirəm».

Tramp bildirib ki, divar ABŞ-ın hesabına hörüləcək. Sonra Meksika onun ödənişini edəcək: «Meksika hökumətinə hörmət edirəm, meksikalıları sevirəm. Vəziyyətin bu həddə gəlməsinin günahkarı onlar deyil».

Tramp xaricdən gələn bütün məhsullara vergiləri artıracağını bildirib: «Sənaye ABŞ-a qayıdacaq».

Tramp kabinetinin üzvləri ilə fəxr etdiyini bildirib: «Mənə belə adamlar lazım idi. Ağıllı, uğur qazan adamlar. Biz geri qalırıq. Çox geri qalırıq. İldə yüz milyonlarla dollar itiririk. Çin, Meksika, Yaponiya ilə ticarətdə disbalans var. Bu adamlarla birlikdə Amerikanı yenidən qüdrətli edəcəyik. Amerika xalqı məni seçməklə çox yaxşı iş görüb». (strateq.az)

 





12.01.2017    çap et  çap et